Ədliyyə naziri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə görüş keçirib.
Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə olunaraq işin Prezident İlham Əliyevin tələblərinə uyğun təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməklə məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Q.QASIMOV, “Xalq qəzeti”

