Sabah Rusiya–Ukrayna müharibəsinin başlanmasının bir ili tamam olur. Ancaq hələ ki, regionda sülh yaratmaq mümkün olmayıb. Rusiya Ukraynanı danışıqları dayandırmaqda, Ukrayna isə Rusiyanı Donbasın işğalında ittiham edir. Bununla belə, sülh istiqamətində cəhdlər də edilir. Artıq xeyli vaxtdır ki, Ukrayna tərəfi 10 maddəlik “sülh formulu” irəli sürüb. Sənəddə ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması nəzərdə tutulur. Sənəd bu gün BMT-də müzakirəyə çıxarılır.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski bir daha bəyan edib ki, təklif etdikləri “sülh formulu” ilə bir çox dövlət tanış olub və sənəd artıq çoxlu sayda dövlət tərəfindən dəstəklənib: “Biz fevralın 23-də müvafiq qətnamənin səsə qoyulacağı zaman onlardan bizim təşəbbüslərimizi dəstəkləyəcəklərini gözləyirik. Birləşmiş Millətlər Təşkilatının iclasında vahid mövqenin olması vacibdir”.
Qeyd edək ki, Zelenski məlum “sülh formulu” haqqında hələ keçən il dekabrın 10-da danışmış, Ukrayna bayrağını bütün şəhərlərə və icmalara qaytarmağın vacibliyini bildirmişdi: “Sülh formulu on bənddən ibarətdir – nüvə təhlükəsizliyindən tutmuş dövlətimizin ərazi bütövlüyünün bərpasına, enerji təhlükəsizliyindən tutmuş Rusiya ərazisində saxlanılan bütün hərbi əsirlərin və deportasiya edilmiş şəxslərin geri qaytarılmasına qədər. Bu, indi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Əsas vəzifə dünyanı sülh formulunun bəndlərinin konkret həyata keçirilməsinə cəlb etməkdir”.
Bu il fevralın 3-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də “Ukrayna–Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında demişdi ki, həm Ukrayna, həm də Avropa İttifaqı (Aİ) bu müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında başa çatdırılması kimi ortaq məqsədi bölüşür: “Ona görə də biz Ukraynanın “Sülh formulu” təşəbbüsünü dəstəkləyirik və Ukrayna ilə 10 maddəlik sülh planı üzərində fəal şəkildə işləyəcəyik. Biz, həmçinin bu planın başladılması üçün “Sülh formulu” sammiti ideyasını da dəstəkləyirik”.
Şarl Mişel onu da qeyd etmişdi ki, Rusiya Ukraynanın yenidən inşasını ödəməlidir və Aİ Rusiyanın dondurulmuş vəsaitlərindən onun yaratdığı dağıntıların aradan qaldırılmasında istifadə üçün yollar axtarır.
Bu günlərdə ABŞ Prezidenti Co Bayden də Polşada Ukraynaya hərbi müdaxilənin ildönümü ilə bağlı çıxışında bildirib ki, Kiyev heç vaxt olmadığı qədər güclüdür: “Qərb tərəfindən Ukraynaya dəstək tərəddüdsüz olacaq. Ukrayna xalqı müharibədə qalib gələcək”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

