Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara humanitar yardımları davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamentinin deputatı Zaur Darğallının təşkilatçılığı ilə toplanmış humanitar yardımla dolu iki yük avtomobili bu gün Türkiyəyə yola salınıb. Yardımın ümumi dəyəri 170 min laridən (109 min manat) çoxdur.
Z.Darğallı bildirib ki, yardım kampaniyasında yaşından asılı olmayaraq bütün soydaşlarımız iştirak edirlər.
Qeyd edək ki, bu, Marneulidən yola salınan ilk humanitar yardım deyil. Onun təşəbbüsü ilə bu günədək müxtəlif təşkilatlar və vətəndaşlar tərəfindən toplanmış yardımlar onlarla yük avtomobili ilə qardaş ölkəyə yola salınıb.
“Ümumilikdə paytaxt Tbilisi, Marneuli, Qardabani, Bolnisi və digər bölgələrdən yardımların toplanması davam edir. Bu gün göndərilən yüklərin içərisində əsasən çarpayılar, qızdırıcı avadanlıq, gigiyenik vasitələr, yorğan-döşək dəstləri, gec xarab olan ərzaq və digər gündəlik tələbat malları var. Bu cür yardımlar davam edir və yaxın günlərdə yardımla dolu daha bir neçə avtomobil Türkiyəyə yola salınacaq”, – deyə Z.Darğallı vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi