Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.