Bakıda “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma sənədinin müzakirəsinə həsr olunmuş ilk seminar keçirilib. Toplantı Xəzər regionu ölkələri arasında regional elektrik enerjisi şəbəkəsinin yaradılması imkanlarının araşdırılmasının birinci mərhələsinə hazırlıq baxımından əsas mərhələ olub.
Energetika Nazirliyinin məlumatına əsasən, seminar Azərbaycan, Qazaxıstan və Özbəkistanın yüksək səviyyəli dövlət nümayəndələri, ötürücü sistem operatorları, tənzimləyici qurumlar, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər maraqlı tərəflərin iştirakı ilə təşkil edilib.
Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov layihəni böyük perspektivə malik təşəbbüs kimi dəyərləndirərək dəhlizin Xəzər və Qara dəniz regionlarını birləşdirməklə Mərkəzi Asiyadan Avropa bazarlarına təmiz bərpaolunan enerjinin ötürülməsini təmin edəcəyini bildirib. Həmçinin layihəyə rəsmi qoşulmuş ölkələrlə yanaşı, digər regional tərəflərin də təşəbbüsdə iştirak etməyə ciddi maraq göstərdiyi qeyd olunub.
Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov ölkəsinin əhəmiyyətli enerji potensialına malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Qazaxıstan 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 giqavata qədər artırmağı hədəfləyir ki, bunun da 30-35 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcək. Nazir müavininin sözlərinə görə, Qazaxıstan zəngin enerji ehtiyatlarına malikdir və bu dəhliz vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətindədir.
Özbəkistan Milli Elektrik Şəbəkəsi idarə heyəti sədrinin müavini Feruz Kurbonov da layihəyə böyük maraq göstərdiklərini ifadə edərək onu yüksək perspektivli təşəbbüs kimi qiymətləndirib. Özbəkistanın ölkə daxilində mühüm enerji infrastrukturlarına böyük həcmlərdə investisiyalar yatırdığını, 2030-cu ilədək regional şəbəkəyə qoşulmaq və Avropaya ixrac etmək üçün əlavə elektrik enerjisi gücləri əldə edəcəyi bildirilib.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durani Camal isə layihənin regionda bağlantıların möhkəmlənməsinə dəstək verəcəyini söyləyib.
Seminarda “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının ilk təqdimatı edilib. İlkin nəticələrin müsbət olduğu vurğulanaraq birinci mərhələ üzrə analitik çərçivə və növbəti addımlar barədə məlumat verilib.
Dəyirmi masa və ekspert potensialının artırılması üzrə təlim formatında təşkil olunan toplantı yüksək vəzifəli dövlət rəsmilərini, ötürücü sistem operatorlarını, enerji və telekommunikasiya tənzimləyicilərini, inkişaf tərəfdaşlarını və texniki ekspertləri bir araya gətirib. İştirakçılar birinci mərhələnin nəticələrini müzakirə edib, ilkin qənaətləri nəzərdən keçirib və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dəstək məqsədilə analitik yanaşmalar üzrə razılığa gəliblər. Eyni zamanda, bu mərhələ üzrə texniki iqtisadi əsaslandırma hesabatının tamamlanması və ikinci mərhələyə hazırlıq istiqamətində əsas texniki ehtimallar, data tələbləri və növbəti addımlar müəyyənləşdirilib.
Seminar çərçivəsində maraqlı tərəflər tələbatın modelləşdirilməsi, generasiya güclərinin planlaşdırılması, bərba olunan enerji resurslarının tətbiqi sssenariləri, şəbəkə infrastrukturunun tədqiqi və sistemlərarası birləşmə variantları, eləcə də sualtı kabel xətləri layihələri kimi istiqamətlərdə bilik və texniki bacarıqlarını artırıblar.
Qeyd edək ki, “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi Xəzər regionunda bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin mübadiləsinə töhfə vermək və Avropa enerji bazarlarına inteqrasiyaya yol açmaq məqsədi daşıyan regionlararası elektrik şəbəkələrinin birləşdirilməsi sisteminin formalaşdırılmasına yönəlib. Texniki-iqtisadi əsaslandırma sənədi 2025-ci il aprelin 4-də imzalanmış Anlaşma Memorandumuna əsaslanır. Həmin vaxt Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankının və Asiya İnfrastruktur İnkişaf Bankının dəstəyi ilə “Transxəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsünün birinci mərhələsinin işə salınması barədə razılığa gəliblər.
Texniki-iqtisadi əsaslandırma sənədinin hazırlığına isə rəsmi olaraq 2026-cı ilin fevralında start verilib. “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması isə Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və CAREC Proqramı çərçivəsində layihə məsləhətçiləri ilə tərəfdaşlıq çərçivəsində hazırlanır.
Günəş enerjisi istehsalı sahəsində mühüm potensiala malik olan Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə səyləri ilə formalaşdırılan “Mərkəzi Asiya – Azərbaycan” enerji dəhlizi gələcəkdə Xəzər–Qara dəniz marşrutu ilə əlaqələndirilə bilər. Bu da iki dəniz vasitəsilə Mərkəzi Asiyanın geniş ərazilərinin Avropa ilə əlaqəsini təmin etməyə imkan yaradacaq.
Layihənin əsas komponentlərinə isə Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi, eləcə də Xəzərətrafı ölkələrin enerji sistemlərinin inteqrasiyası daxildir. Məqsəd ixrac yönümlü bərpa olunan enerji vasitəsilə valyuta gəlirlərini artırmaq və Avropanın “yaşıl keçid” prosesinə töhfə verməkdir.
“Transxəzər Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Qazaxıstan və Özbəkistanın əməkdaşlığı ilə Orta Asiyada istehsal edilən bərpaolunan enerjinin (külək və günəş) Xəzər dənizinin dibi və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracını nəzərdə tutan strateji layihədir. Bu layihə Orta Dəhlizin “yaşıl” körpü istiqamətində inkişafını və enerjinin şaxələndirilməsini hədəfləyir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ötən il iyunun 26-da Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxışı zamanı bu məqama aydınlıq gətirmişdi. O qeyd etmişdi ki, “Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi olan “Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər–Qara dəniz-Avropa” və “Azərbaycan–Türkiyə–Avropa” yaşıl enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə Asiya ilə Avropa arasında yerləşən Orta Dəhliz boyunca bərpaolunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq.
Mirbağır YAQUBZADƏ
XQ

