“Qərbi Çıraq” platformasının istismara verilməsindən 12 il ötür
“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı “Çıraq” yatağı ehtiyatların zənginliyi ilə seçilir. 1997-ci ilin payızında istismarına başlanmış bu yatağın geniş bir ərazinin əhatə etməsi, eləcə də zəngin neft ehtiyatları burada daha bir hasilat platformasının inşasına zərurət yaradıb. Məhz bu səbəbdən yatağın qərb cinahında yerləşən ehtiyatların işlənməyə cəlb edilməsi məqsədilə 2010-cu ilin martın 9-da konsorsiumun rəhbər komitəsi tərəfindən yeni bir qərar qəbul edilib.
“Qərbi Çıraq” layihəsi, həm də mövcud “Dərinsulu Günəşli” və “Çıraq” platformaları arasında yeni bir dəniz qurğusu quraşdırmaqla əvvəlki illərdə yaradılmış infrastrukturda müşahidə edilən boşluğu aradan qaldırmaq məqsədi daşıyıb. Bununla da, dəyəri 6 milyard dollar olan daha bir neft layihəsinin icrasına start verilib.
2010-cu il iyunun 21-də 20 qazma kəsiyi və 4 istiqamətləndirici dayağı olan 218 tonluq öncə qazma tavası dənizin dibində quraşdırılıb. 2012-ci il oktyabrın 20-də “Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə “STB-1” daşıma barjasına yüklənərək dənizə yola salınıb. Növbəti ildə isə üst modullar dənizə gətirilərək dənizdə quraşdırılmış dayaq blokunun üzərinə bərkidilib. Bununla yanaşı, layihə çərçivəsində sualtı boru kəmərləri çəkilib, “Dədə Qorqud” üzən yarımdalma qurğusu vasitəsilə ərazidə qabaqlayıcı quyular qazılıb.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatının sabitləşdirilməsinə və layların neft veriminin maksimuma çatdırılmasına imkan yaradan layihənin ümumi dəyərinin, təqribən, 4 milyard dolları qurğuların tikintisinə və qabaqlayıcı qazma proqramına xərclənib. Məbləğin qalan hissəsi isə istismar müddəti dövründə platformadan hasilat quyularının qazılmasına sərf olunur. Ölkə neft sənayesinin tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilib.
“Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru qismində Xəzərdə inşa və istismar etdiyi dünya səviyyəli 8-ci dəniz platformasıdır. Platforma gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz hasilatı üçün layihələndirilib. Bununla yanaşı, qurğu gün ərzində 8 milyon kubmetr səmt qazı ötürmək imkanına malikdir.
Yeri gəlmişkən, “Çıraq” neft layihəsi bp və tərəfdaşlarına Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq öhdəliyini yerinə yetirmək üçün daha bir imkan yaradıb. Belə ki, layihə çərçivəsində inşa olunmuş “Qərbi Çıraq” platformasının dayaq blokunun, üst modullarının inşasında, eləcə də sualtı boru kəmərlərinin çəkilməsində Azərbaycan Dövlət Neft Şirkətinin birgə müəssisələrindən, gəmilərindən, tikinti-quraşdırma meydançalarından və digər zəruri infrastrukturundan istifadə olunub. Bu da “Əsrin müqaviləsi” çərçivəsində ilk dəfə reallaşdırılan bir təşəbbüs kimi diqqət çəkir.
Tikinti-quraşdırma işləri yerli subpodratçıların imkanlarından maksimum istifadə edilməklə yerinə yetirilib. Qurğunun tikintisinə isə 5 min nəfər cəlb olunub. Ümumilikdə, subpodratçı və təchizatçı mütəxəssislərin də daxil olduğu işçi qüvvəsinin 96 faizini yerli Azərbaycan vətəndaşları təşkil edib. Layihə çərçivəsində 20 milyon adam-iş saatı sərf olunub, tikinti-quraşdırma işləri heç bir istehsalat qəzası baş vermədən yüksək səviyyədə həyata keçirilib.
“Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunub. “Bos Şelf” yerli Azərbaycan şirkətinin podratçısı olduğu dayaq bloku Xəzər dənizində həmin dövrədək inşa edilmiş ən ağır qurğudur. Blokun çəkisi 17 min 500 ton, hündürlüyü 185 metr təşkil edir. Qurğunun ümumi çəkisi 6700 ton olan 13 (üstəgəl bir ehtiyat) payası, 7 dikborusu, 8 “J” şəkilli və 10 qoruyucu borusu var.
“Çıraq” neft layihəsinin əsas qurğularından sayılan hasilat platformasının üst modulları isə AMEC-TEKFEN-AZFEN alyansının Bibiheybət tikinti-quraşdırma sahəsində inşa olunub. “Qərbi Çıraq” platformasının üst modullarının çəkisi 18 min 500 tondur. Platforma 200 nəfər işçinin çalışması üçün nəzərdə tutulub. Layihəyə 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 14 düymlük qaz kəməri və 30 düymlük neft kəməri daxildir.
“Qərbi Çıraq” dənizin 170 metr dərinliyində “Çıraq-1” və “Dərinsulu Günəşli” platformaları arasında quraşdırılıb. “Qərbi Çıraq” platformasından hasilat 2014-cü il yanvarın 28-də J05 öncəqazma quyusunun istismara daxil edilməsi ilə başlanıb. Hazırda xam neft öncədən platformada quraşdırılmış texnoloji qurğulardan keçərək yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30 düymlük sualtı ixrac xətti ilə Səngəçal terminalına nəql olunur.
Ötən müddətdə “Qərbi Çıraq” platformasından 35 quyu qazılıb. Həmin quyuların 26-sı neft, 1-i qaz, 7-si su injektor, 1-isə şlamların yenidən laylara vurulması quyularıdır. Hasilata başlandığı vaxtdan indiyədək buradan 251 milyon barel (34 milyon ton) neft çıxarılıb. Platformada maksimal illik hasilat isə 2016-cı ildə qeydə alınıb. Həmin il buradan orta gündəlik hasilat 120 min barel olmaqla 6 milyon ton neft çıxarılıb. Bununla belə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ehtiyatların azalması “Qərbi Çıraq” platformasına da təsirsiz ötüşməyib. 2025-ci ilin 9 ayının yekunlarına görə, burada gündəlik orta hasilatın səviyyəsi 24 min barel təşkil edib.
Y.MİRBAĞIR
XQ

