Son illərdə qlobal iqtisadi sistem özünün dərin struktur transformasiyasından keçir. Ənənəvi artım mənbələri zəifləyir, qlobal ticarət əvvəlki dinamikliyini itirir, kapital axınları isə getdikcə daha selektiv və riskə həssas xarakter alır. Beynəlxalq Valyuta Fondunun (BVF) son “Dünya İqtisadi İcmalı”nda bu mərhələ “uzunmüddətli aşağı artım – yüksək qeyri-müəyyənlik” kimi xarakterizə olunur. Geoiqtisadi fraqmentasiya, texnoloji keçidlər və yüksək faizlər dünya iqtisadiyyatının həm tələb, həm də təklif tərəfini eyni vaxtda məhdudlaşdırır.
Bu mərhələdə iqtisadi debatın mərkəzi dəyişib: məsələ hansı sürətlə böyüməkdən çox, artımı dayanıqlı hala gətirməyi, qeyri-müəyyənlik şəraitində sabit qalmağı və dəyişiklikləri itki vermədən idarə etməyi bacarmaqdır. Belə qlobal qeyri-müəyyənlik mühitində Azərbaycan üçün əsas üstünlük resurs gəlirlərinin risklərə qarşı “sabitlik kapitalına” çevrilməsini təmin edən strateji idarəetmə modelidir. Prezident İlham Əliyevin iqtisadi baxışı məhz bu məntiq üzərində qurulub: makroiqtisadi sabitlik və fiskal “bufer”lər qorunur, paralel olaraq qeyri-neft sektorunda məhsuldarlıq və ixrac potensialı mərhələli genişlənir. Makroiqtisadi sabitlik beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir: Azərbaycanın suveren kredit reytinqi sabit proqnozla qorunur və ölkə qlobal qeyri-müəyyənlik şəraitində etibarlı ölkə kimi qiymətləndirilir. Nəticədə, iqtisadi siyasət xarici şoklara dayanıqlıq trayektoriyası yaradır.
Müasir makroiqtisadi düşüncədə son onilliyin ən mühüm dönüşü ondan ibarətdir ki, iqtisadi siyasətin uğuru artıq artımın sürəti ilə deyil, şoklar qarşısında davamlı olmaq qabiliyyəti ilə ölçülür. Dani Rodrikin institusional uyğunlaşma yanaşması, Olivier Blanşardın fiskal dayanıqlıq konsepsiyası və Josef Stiqlitsin riskə əsaslanan artım modeli fərqli nəzəri məktəblərə məxsus olsa da, eyni nəticəyə gəlir: qlobal qeyri-müəyyənlik şəraitində əsas üstünlük çevik institutlara, fiskal “bufer”lərə və daxili artım dayaqlarına malik olmaqdır.
Bu nəticə empirik faktlarla da təsdiqlənib. 2008–2009-cu illərin qlobal maliyyə böhranı göstərdi ki, böhran öncəsi yüksək artım tempinə baxmayaraq fiskal intizamı zəif və borc dinamikası nəzarətsiz olan ölkələr şok zamanı daha dərin resessiya, daha yüksək işsizlik və uzunmüddətli sosial itkilərlə üzləşdilər. Əksinə, ehtiyatlı fiskal siyasət aparmış və makroiqtisadi buferlər formalaşdırmış ölkələr böhranı nisbətən yumşaq trayektoriya ilə keçə bildilər. 2020-ci il pandemiyası isə bu fərqi daha da kəskinləşdirərək göstərdi ki, sabitlik böhrana reaksiya vermək deyil, böhranı əvvəlcədən qabaqlamaq qabiliyyətidir.
Məhz bu kontekstdə son illərdə qlobal ticarətin zəifləməsi, bazarlarda dəyişkənliyin artması və investorların inkişaf etməkdə olan bazarlara daha ehtiyatlı yanaşması əvvəlki iqtisadi modelin sərhədlərinə çatdığını göstərir. BVF-nin 2026-cı il icmalında vurğulanır ki, dünya iqtisadiyyatı artıq klassik tsiklik dalğalanma mərhələsində deyil. O, daha uzunmüddətli və struktur xarakterli “yeni normallaşma” dövrünə daxil olub. Bu mərhələdə iqtisadiyyatın artım templəri zəifləyir, qlobal ticarətin miqyas effekti kiçilir, iqtisadi fraqmentasiya isə istehsal zəncirlərini daha bahalı və daha riskli edir. BVF-ə görə, növbəti 3 ildə qlobal iqtisadi artım 2010–2019-cu illərin orta göstəricisindən təxminən 0,5–0,7 faiz bəndi aşağı olacaq. Bu şəraitdə yüksək artım tempinə nail olmaq ölkələr üçün çətinləşib. Çox vaxt isə buna fiskal genişlənmə və borclanmanın artması hesabına nail olunmuşdur. BVF məhz buna görə vurğulayır ki, qısamüddətli artım uğurları uzunmüddətli sabitlik bahasına əldə edildikdə iqtisadiyyat ilk ciddi şokda kəskin geriləyir. BVF bunu “iqtisadi siyasətə etimad boşluğu” anlayışı ilə izah edir: siyasətə etimadın zəif olduğu iqtisadiyyatlarda inflyasiya daha uzunmüddətli olur və gəlirlərin bərpası gecikir.
Eyni yanaşma Davos-2026 müzakirələrində də ön plana çıxır. Forumun gündəliyində artıq “istənilən artım” yanaşması tükənmiş konsepsiya kimi təqdim olunur və onun yerini dayanıqlılığa əsaslanan artım tutur. Pandemiya və sonrakı enerji-geosiyasi şoklar sübut etdi ki, yüksək borclanma, zəif fiskal intizam və qeyri-müəyyənlik şəraitində əldə olunan iqtisadi artım dayanıqlı olmur. BVF-nin son müqayisəli təhlilləri bu tezisi faktiki məlumatlarla möhkəmləndirir. 2020–2024-cü illərdə fiskal buferləri məhdud və borc yükü yüksək olan ölkələrdə inflyasiya dalğası daha uzunmüddətli olmuş, sosial xərclərin effektivliyi azalmış və gəlirlərin bərpası gecikmişdir. Əksinə, maliyyə ehtiyatları formalaşdırmış, fiskal qaydalara əməl edən və daxili artım mənbələrini qoruyan ölkələr böhrandan sonra normallaşma mərhələsinə daha effektiv keçə bilmişdir. 2026-cı il perspektivində diqqətçəkən məqam qlobal kapital axınındakı dəyişiklikdir. Kapital artıq nə ucuzdur, nə də geniş miqyasda risk götürməyə meyllidir. İnvestisiya qərarları daha çox idarəetmənin keyfiyyətinə, makroiqtisadi sabitliyə və uzunmüddətli müəyyənliyə əsaslanmağa başlayır. Bu isə riskləri effektiv idarə edə bilməyən iqtisadiyyatların investisiya üstünlüyünü itirdiyini göstərir.
Beləliklə, müasir makroiqtisadi nəzəriyyə və son onilliklərin təcrübəsi eyni nöqtədə kəsişir: sabitlik ölkələr üçün artıq passiv vəziyyət deyil, əksinə, strateji aktivə çevrilmişdir. O, iqtisadi siyasətə manevr imkanları yaradan, sosial rifahı qoruyan və uzunmüddətli investisiya qərarlarını mümkün edən kapital hesab olunur. Məhz buna görə BVF-nin 2026-cı il hesabatı və Davos-2026 çərçivəsində formalaşan konsensus göstərir ki, müasir dövrdə iqtisadiyyatın real üstünlüyü nə qədər sürətlə böyümədə deyil, böyüməni nə qədər davamlı, balanslı və idarə olunan şəkildə reallaşdıra bilməkdədir.
Azərbaycan iqtisadiyyatı: sabitlik qorunur, struktur dəyişir
2025-ci ildə ölkə iqtisadiyyatı, demək olar ki, bütün sahələrdə artım nümayiş etdirmişdir. Qlobal iqtisadi mühitdə artım templərinin zəiflədiyi, bir çox inkişaf etməkdə olan ölkələrin ya iqtisadi durğunluqla, ya da texniki resessiya ilə üzləşdiyi bir dövrdə bu, ilk baxışdan təvazökar görünə bilər. Prezident İlham Əliyevin Davosda vurğuladığı kimi, qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın əsas prioriteti makroiqtisadi sabitliyin qorunması, fiskal intizam və iqtisadiyyatın neftdənkənar sahələr üzrə şaxələndirilməsidir. Bu yanaşma ölkənin uzunmüddətli və dayanıqlı inkişafı qısamüddətli risklər bahasına qurban verməmək prinsipinə əsaslanır. Eyni zamanda müasir makroiqtisadi təhlildə əsas meyar artıq artımın mütləq səviyyəsi deyil, müqayisəli dayanıqlıq və şoklara davamlılıqdır. Bu baxımdan ölkəmiz 2025-ci ildə qlobal zəifləmə fonunda makroiqtisadi sabitliyi qorumağa nail olan məhdud sayda dövlətlər qrupunda yer alır.
Beynəlxalq təcrübə göstərir ki, qlobal maliyyə şərtlərinin sərtləşdiyi və ticarət kanallarının zəiflədiyi dövrlərdə iqtisadi artımın dayanmasının qarşısını almaq özlüyündə mühüm nailiyyətdir. Xüsusilə iqtisadi siyasət üçün manevr imkanları məhdud olan ölkələrdə artımın kəskin şəkildə zəifləməsi sosial rifahda ciddi itkilərə yol açır. Azərbaycan nümunəsində isə ümumi artımın müsbət zonada saxlanılması iqtisadi siyasətin və əvvəlki illərdə formalaşmış “sabitlik buferi”nin nəticəsi kimi qiymətləndirilməlidir. Strateji baxımdan daha mühüm məqam ondan ibarətdir ki, bu artımın əsas lokomotivi artıq neft-qaz sektoru deyil. 2025-ci ildə qeyri-neft/qaz sektoru real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manata çatmışdır. Bu, o demədkri ki, iqtisadiyyatda ümumi əlavə dəyərin 72 faizi məhz qeyri-neft sektorunda yaranır. Bu dinamika iqtisadiyyatın tədricən balanslaşdığını və diversifikasiya xəttinin dərinləşdiyini göstərir. Başqa sözlə, artım artıq tək bir sektorun üzərində dayanmaqdan çıxır. Neft hasilatının təbii azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olmuşdur ki, bu da uzunmüddətli dayanıqlılıq baxımından həlledici əhəmiyyət daşıyır.
Təcrübədə müxtəlif ölkələr bu keçidi fərqli yollarla həyata keçirib. Məsələn, Cənubi Koreya 1980-ci illərdə ixrac yönümlü sənayeləşmə strategiyası hesabına iqtisadi artımın əsas mənbəyini aşağı məhsuldarlıqlı sahələrdən yüksək əlavə dəyərli emal sənayesinə keçirmişdir. Malayziya 1990-cı illərdə resurs gəlirlərindən istifadə edərək sənayeni və xidmət sektorunu gücləndirmiş, bununla da iqtisadi artımı daha balanslı etmişdir. Norveç isə neft gəlirlərini fiskal qayda və suveren fond mexanizmi vasitəsilə iqtisadiyyatın uzunmüddətli dayaqlarına çevirmişdir.
Azərbaycanın keçdiyi yolun bu modellərlə birbaşa konseptual oxşarlığı aydın görünür: iqtisadi artım tədricən daxili istehsal, xidmət, logistika və insan kapitalına əsaslanmağa başlayır. Bu, iqtisadiyyatın həm xarici qiymət şoklarına həssaslığını azaldır, həm də uzunmüddətli məşğulluq və gəlir yaratmaq imkanlarını gücləndirir. Adambaşına düşən gəlirlərdə artımın qorunması isə bu struktur dəyişikliyin sosial ölçüsünü əks etdirir. Demoqrafik artım şəraitində adambaşına düşən gəlirin azalması inkişaf etməkdə olan ölkələr üçün tipik haldır. Ötən il ölkəmizdə bu göstəricidə irəliləyiş onu göstərir ki, iqtisadi artım əhali artımı fonunda “ərimir”, əksinə, sosial sabitliyi dəstəkləyən iqtisadi baza yaradır. Bu xüsusiyyət orta gəlirli ölkələr üçün strateji üstünlük hesab olunur, eyni zamanda ölkə iqtisadiyyatının struktur transformasiyasını itkisiz və idarə olunan şəkildə həyata keçirildiyini təsdiq edir.
Qeyri-neft sektorunun strukturu və dinamikası
2025-ci ilin makroiqtisadi mənzərəsi Azərbaycan iqtisadiyyatında mühüm keyfiyyət dəyişikliyinin baş verdiyini göstərir: iqtisadi artımın mənbələri şaxələnir, iqtisadiyyatın daxili strukturu isə daha balanslı və dayanıqlı formaya doğru transformasiya olunur. Qeyri-neft sektorunun həcmi bu transformasiyanın gücləndiyini təsdiqləyir. 2021−2025-ci illərdə bu sahə orta hesabla hər il ortalama 6 faiz artmışdır. Bu göstərici dünya üzrə orta artım tempini əhəmiyyətli üstələyir. Burada üstünlük sektorun hansı sahələr hesabına formalaşmasıdır. Ötən il qeyri-neft sektorunda əlavə dəyərin 8.3 faizi qeyri-neft sənayesində yaranmış və bu sahə 5,5 faiz artmaqla əsas “məhsuldarlıq nüvəsi” kimi çıxış etmişdir. Bu sahənin əhəmiyyəti ondan ibarətdir ki, o, iqtisadi artımı texnologiya, emal və ixrac qabiliyyəti ilə dəstəkləyir. Daha da önəmlisi, qeyri-neft sənayesinə yönələn investisiyaların 26 faiz artmasıdır və göstərir ki, bu artım kapital dərinləşməsi və istehsal potensialının genişlənməsi ilə müşayiət olunur. Məhz belə üstün investisiya əsaslı iqtisadi artım inkişaf nəzəriyyəsində dayanıqlı artımın əsas şərti hesab olunur.
Bu kontekstdə ümumi sənaye məhsulunda qeydə alınan cüzi azalma struktur baxımdan yanlış şərh edilməməlidir. Neft hasilatının təbii azalması fonunda sənayenin ümumi həcminin azalması resurs iqtisadiyyatı üçün gözlənilən və idarə olunan prosesdir. Əsas təhlükə hasilatın azalması deyil, onu əvəzləyə biləcək alternativ istehsal bazasının formalaşıb-formalaşmamasıdır. Azərbaycanda ötən ilin göstəriciləri isə əksinə, emal və daxili istehsalın artım dinamikasında olduğunu göstərir. Bu, iqtisadiyyatın ikili strukturdan çıxdığını təsdiqləyən mühüm faktdır.
Əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcminin azalması da makroiqtisadi zəiflik kimi qiymətləndirilməməli, əksinə, investisiya tsiklinin mərhələli tamamlanmasının göstəricisidir. Daha əvvəl iri infrastruktur layihələrinə yönəlmiş investisiyaların payının azalması fonunda, kapitalın qeyri-neft sənayesi kimi daha yüksək məhsuldarlıq yaradan sahələrə yönəlməsi iqtisadi siyasətin keyfiyyətcə dəyişdiyini göstərir. Bu keçid, resurs gəlirlərinin fiziki obyektlərdən çox istehsal potensialı yaradan aktivlərə yönəlməsi deməkdir.
Struktur transformasiyanın digər mühüm dayağı kənd təsərrüfatı sektorudur. Ötən ildə bu sahənin 1 faiz artması sürətli genişlənmə anlamına gəlməsə də, sektorun funksional rolu baxımından əhəmiyyətlidir. Bitkiçilik və heyvandarlıq sahələrində paralel artım ərzaq təhlükəsizliyi risklərinin idarə olunduğunu, regionlarda gəlir bazasının qorunduğunu və inflyasiya şoklarının sosial təsirinin yumşaldıldığını göstərir. Dünya təcrübəsində kənd təsərrüfatı məhz yüksək inflyasiya və qeyri-müəyyənlik dövrlərində makroiqtisadi sabitliyin “səssiz amortizatoru” kimi çıxış edir. Azərbaycan üçün də bu sektor sosial sabitliyin əsas dayaqlarından biri olaraq qalır.
Xidmətlər sektorunda, xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika isə iqtisadiyyatın yeni artım mərkəzlərinin formalaşdığını göstərir. Qeyd edək ki, 2025-ci ildə qeyri-neft ÜDM-nin 13 faizi bu sahələrin hesabına formalaşmışdır. Yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının artıq abstrakt konsepsiya deyil, makroiqtisadi statistikada əks olunan real prosesə çevrildiyini göstərir. Logistika sektoru burada təkcə xidmət sahəsi kimi deyil, qeyri-neft ixracının maya dəyərini azaldan və iqtisadiyyatı regional dəyər zəncirlərinə bağlayan strateji infrastruktur funksiyası daşıyır. İnformasiya və rabitə xidmətlərində 8,7 faizlik artım isə müasir iqtisadiyyata keçidin ən vacib struktur göstəricilərindən biridir. Bu sektorun genişlənməsi iqtisadiyyatın texnoloji komponentinin gücləndiyini, məhsuldarlığın fiziki kapitalla yanaşı, bilik, rəqəmsallaşma və innovasiya vasitəsilə artdığını göstərir. Estoniya və Litva kimi ölkələrin orta gəlir tələsindən çıxmasında məhs bu amillər həlledici rol oynamışdır.
Bütün bu alt-sahə dinamikaları Azərbaycanın müasir iqtisadiyyata keçid modelinin konturlarını formalaşdırır. Bu model neft gəlirlərinin makroiqtisadi sabitlik → məqsədli investisiya → məhsuldarlıq artımı → qeyri-neft ixracı və yüksək dəyərli xidmətlər zənciri vasitəsilə milli rifaha çevrilməsi üzərində qurulur. 2025-ci ilin göstəricilərinə görə Azərbaycan artıq bu zəncirin ilk iki mərhələsini uğurla keçmiş, üçüncü mərhələdə, yəni məhsuldarlıq əsaslı struktur transformasiya mərhələsində güclənir. Beləliklə, mövcud mənzərə sürətli sıçrayışdan daha çox, dərin və idarə olunan keçid mərhələsini əks etdirir. Qlobal qeyri-müəyyənlik şəraitində belə keçid modeli uzunmüddətli iqtisadi təhlükəsizliyin, sosial sabitliyin və dayanıqlı rifahın ən etibarlı təminat mexanizmi kimi çıxış edir.
Gəlirlər, inflyasiya və rifahın qorunması
2025-ci ilin sosial-iqtisadi mənzərəsi göstərir ki, Azərbaycanda iqtisadi artım yalnız statistik göstəricilərdə qalmır, əhalinin rifahında da hiss olunan nəticələr yaradır. Gəlirlərdə artımın inflyasiyanı üstələməsi və orta aylıq əməkhaqqınının 1089 manata çatması real gəlirlərin qorunduğunu, əksər sahələr üzrə isə davamlı artdığını göstərir. Qlobal miqyasda bir çox ölkələrdə inflyasiya şoklarının alıcılıq qabiliyyətini azaltdığı bir dövrdə ölkəmizin nail olduğu bu nəticə xüsusi diqqət çəkir.
Müqayisə üçün xatırlatmaq kifayətdir ki, 2022–2024-cü illərdə Avropa İttifaqının bir sıra ölkələrində, eləcə də Türkiyə və Latın Amerikasında gəlirlər nominal olaraq artsa da, inflyasiya bu artımı üstələmiş və nəticədə real ifadədə azalmışdı. Azərbaycan nümunəsində isə qiymət artımı əmək bazarını və gəlir dinamikasını sıxışdıra bilməyib. Bu fərqin əsas səbəbi daxili tələbatın süni fiskal genişlənmə ilə deyil, real alıcılıq qabiliyyəti hesabına formalaşmasıdır. Ölkəmizdə dövlət xərcləri qısamüddətli artım effekti yaratmağa yönəlmir, əksinə, gəlir və məşğulluğun qorunmasına yönəlib. Nəticədə gəlirlərin qiymətləri “təqib etdiyi” inflyasiya spiralı riski zəifləyib. Dünya Bankı və BVF təhlillərində də vurğulanır ki, məhz bu spiral bir çox ölkələrdə inflyasiyanın uzunmüddətli xarakter almasının əsas səbəblərindən biridir.
Real gəlirlərin qorunması iqtisadi gözləntilərin sabit qalmasına da xidmət edir. Təcrübə göstərir ki, gələcək gəlirlərə inam zəiflədikdə istehlak azalır, investisiyalar təxirə salınır və iqtisadiyyat öz-özünü zəiflədən mərhələyə daxil olur. 2008-ci ildən sonra Yunanıstan və İspaniya bu prosesin klassik nümunələridir. Azərbaycanda isə gəlir dinamikası bu cür iqtisadi “donma” risklərini məhdudlaşdırıb. Bu etimad bank əmanətlərinin 13,7 faiz artmasında da açıq görünür. Əmanətlərin artımı gəlirlərin yüksəlməsi, insanların maliyyə sisteminə və ümumi iqtisadi sabitliyə olan inamı ilə bağlıdır. Qlobal qeyri-müəyyənlik dövründə bir çox ölkələrdə yığımlar sistemdən kənara çəkildiyi halda, Azərbaycanda əks proses müşahidə olunur: vəsaitlər bank sektorunda qalır və iqtisadi dövriyyəni dəstəkləyir. Bu tendensiya bank sektorunun rolunu da tədricən dəyişir: de-dollarizasiya meyilləri güclənir, faiz mühiti yığımları stimullaşdırır və nağd vəsaitlər bank sisteminə keçir. Maliyyə sistemi yalnız istehlakı maliyyələşdirən mexanizm olmaqdan çıxaraq, yığım–investisiya zəncirinin əsas dayağına çevrilir. Almaniya, Cənubi Koreya və Yaponiya təcrübəsi göstərir ki, məhz bu mexanizm uzunmüddətli sənaye və texnoloji inkişafın maliyyə əsasını formalaşdırır. Azərbaycan üçün də bu proses qeyri-neft sektorunda məhsuldarlığın artması baxımından strateji əhəmiyyət daşıyır.
İqtisadi dayanıqlığın digər əsas sütunu fiskal balansdır. 2025-ci ildə dövlət büdcəsinin profisitlə icra olunması qlobal borclanma böhranı fonunda Azərbaycanın mühüm üstünlüyü kimi qiymətləndirilməlidir. Pandemiya və enerji şoklarından sonra bir çox ölkələrdə borc yükü kəskin artdığı halda, Azərbaycanda fiskal intizam və ehtiyatların qorunması iqtisadi siyasətin effektivliyini göstərir. Norveç və Çili təcrübəsinə görə fiskal profisit həm büdcə göstəricisi, həm də iqtisadi siyasət üçün manevr imkanı yaradan aktiv olmuşdur. Azərbaycanın fiskal mövqeyi də bu məntiq üzərində qurulub: sosial öhdəliklər qorunur, eyni zamanda gələcək şoklara hazırlıq saxlanılır.
Xarici sektorun dinamikası bu balansı tamamlayır. Qlobal ticarətin zəifləməsi fonunda ticarətin ümumi həcmində dəyişiklik gözləniləndir. Lakin qeyri-neft ixracının artması, çeşidinin və coğrafiyasının genişlənməsi struktur baxımdan müsbətdir. Bu, iqtisadiyyatın xammal qiymətlərindən asılı olmayan gəlir mənbələri formalaşdırdığını göstərir. Malayziya və Polşa nümunələrində olduğu kimi, ixracın strukturunun dəyişməsi milli valyutanın sabitliyini gücləndirir və iqtisadiyyatı xarici şoklara davamlı edir. Azərbaycan üçün qeyri-neft ixracının genişlənməsi məhz bu məntiqi daşıyır: tədiyə balansına təzyiqlər azalır, məzənnə sabitliyi möhkəmlənir və post-resurs dövrünə transformasiya daha dayanıqlı mərhələyə daxil olur.
Strateji dövrün ideologiyası
Qlobal iqtisadiyyatda fragmentasiya, sürətli texnoloji dəyişikliklər və enerji transformasiyası ilə səciyyələnən yeni mərhələdə ölkələrin rəqabət üstünlüyü ayrı-ayrı sahələr üzrə artım templəri ilə yanaşı, strateji prioritetlərin vahid və əlaqəli sistem daxilində necə formalaşdırılmasından asılıdır. Dəyər zəncirlərinin qısaldığı, kapitalın riskə daha həssas yanaşdığı və enerji xərclərinin iqtisadi qərarlar üçün əsas amilə çevrildiyi bu şəraitdə dayanıqlı inkişaf modelləri sektorlararası sinerji üzərində qurulur.
Bu baxımdan Prezident İlham Əliyevin Davos platformasında vurğuladığı yaşıl enerji, data infrastrukturu və hasilat sənayesinin yeni mərhələsi Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi çıxış edir. Qlobal təcrübə göstərir ki, bərpa olunan enerji təkcə iqlim öhdəliklərinin yerinə yetirilməsi aləti deyil, eyni zamanda sənayenin rəqabət qabiliyyətini formalaşdıran həlledici faktordur. Almaniya və Niderlandda yaşıl enerji əsaslı sənaye zonalarının formalaşması məhz enerji xərclərinin stabilliyi hesabına mümkün olub. Skandinaviya ölkələrində isə ucuz və “təmiz” enerji data mərkəzlərinin cəmləşməsində əsas üstünlüklərdən birinə çevrilib. Azərbaycan üçün yaşıl enerji eyni funksiyanı daşıyır: sənaye, logistika və data mərkəzləri üçün proqnozlaşdırılan enerji xərcləri yaratmaqla ölkəni regional miqyasda “yaşıl enerji ilə dəstəklənən istehsal və xidmət platforması” kimi mövqeləndirir.
Data və rəqəmsal infrastruktur bu arxitekturanın məhsuldarlıq və səmərəlilik nüvəsini təşkil edir. Qlobal kapital axınlarının son illərdəki dinamikası göstərir ki, investisiya qərarları artıq yalnız bazar ölçüsü və ya ucuz əmək üstünlükləri ilə məhdudlaşmır. Məlumat axınlarının etibarlılığı, rəqəmsal idarəetmənin keyfiyyəti və dövlət-biznes münasibətlərində şəffaflıq daha həlledici rol oynayır. Estoniya nümunəsində rəqəmsallaşma bütün iqtisadiyyat üzrə məhsuldarlıq sıçrayışına səbəb olub. İrlandiyada isə data mərkəzləri ölkənin xarici investisiya strategiyasının əsas dayaqlarından birinə çevrilib. Azərbaycan üçün data prioriteti də bu məntiqə əsaslanır: data mərkəzləri və rəqəmsallaşmış logistika İKT sektoru ilə yanaşı, bütövlükdə iqtisadiyyat üzrə məhsuldarlığı artırır və institusional etimadı gücləndirir.
Hasilat sahəsinə verilən prioritet isə klassik xammal yanaşmasından prinsipial şəkildə fərqlənir. Müasir iqtisadiyyatda hasilat sahəsinin inkişafı emal, texnologiya transferi və qlobal dəyər zəncirlərinə inteqrasiyaya da təsir göstərir. Norveç və Avstraliya təcrübəsində resurs sektorunun müasirləşdirilməsi sənaye bazasını genişləndirmiş və ixrac potensialını artırmışdır. Azərbaycan üçün də hasilat prioriteti resurs gəlirlərində modernləşməni və struktur dəyişikliyi dəstəkləyən alət kimi nəzərdə tutulur. Yaşıl enerji və data ilə sinxron işləyən hasilat sektoru resurs iqtisadiyyatını müasir inkişafın dayaq sütununa çevirir.
Bu üç prioritetin sintezi qlobal mühitdə geniş yayılmış “istənilən artım” yanaşmasından köklü şəkildə fərqlənir. Burada məqsəd qısamüddətli yüksək templər əvəzinə dayanıqlı artım, siyasətin müəyyənliyi və investisiya etimadının qorunmasıdır. Yaşıl enerji istehsal xərclərini və karbon risklərini azaldır, data idarəetməni və məhsuldarlığı yüksəldir, hasilat isə transformasiyanı dəstəkləyir. Nəticədə artım daha balanslı, iqtisadiyyat isə xarici şoklara qarşı daha davamlı olur. Nəticə etibarilə, bu yanaşma Azərbaycanın qlobal qeyri-müəyyənlik şəraitində fərqlənən üstünlüyünü formalaşdırır: sabitlik, transformasiya və rəqabət qabiliyyəti arasında tarazlıq yaranır. Davosda səsləndirilən bu prioritetlər göstərir ki, ölkəmizin 2025-ci ildəki makroiqtisadi nəticələri uzunmüddətli və düşünülmüş inkişaf strategiyasının mühüm nəticəsidir. Bu yanaşma Azərbaycanı nə sürətli, lakin kövrək artım yoluna, nə də durğun sabitlik tələsinə salır. Əksinə, idarə olunan dəyişiklik vasitəsilə rifaha aparan rasional inkişaf trayektoriyası yaradır.
Beləliklə, 2025-ci ilin nəticələri göstərir ki, qlobal qeyri-müəyyənliyin “yeni normallıq” kimi formalaşdığı bir mərhələdə Azərbaycanın iqtisadi üstünlüyü artımın sürətində deyil, onun dayanıqlığında və keyfiyyətində ifadə olunur. Qlobal miqyasda iqtisadi risklərin artdığı, kapitalın daha seçici davrandığı və ticarət əlaqələrinin zəiflədiyi şəraitdə ölkəmiz şoklara davamlı, balanslaşdırılmış və proqnozlaşdırıla bilən iqtisadi model qurmağı bacarıb. Qeyri-neft sektorunun genişlənməsi, məhsuldarlıq əsaslı artımın güclənməsi, logistika və rəqəmsal xidmətlərin iqtisadi dinamikanın mərkəzinə çevrilməsi göstərir ki, inkişaf modeli artıq struktur baxımdan möhkəmlənmə mərhələsinə daxil olub. 2025-ci ilin əsas dərsi ondan ibarətdir ki, çağırış artımın sürətini qısamüddətli artırmaq deyil, onun keyfiyyətini yüksəltməkdir: daha sabit və daha rəqabətqabiliyyətli böyümə.
Bu yanaşma qlobal investisiya mühitinin əsas meyarları – fiskal intizam, institusional etimad və uzunmüddətli müəyyənlik ilə tam uzlaşır. Yaşıl enerji, data infrastrukturu və hasilat sənayesinin yeni mərhələsi isə artıq ayrı-ayrı sektor seçimi deyil, Azərbaycanın iqtisadi modelinin dayaq sütunlarına çevrilir. Məhz bu balans – sabitliklə transformasiyanın uzlaşdırılması ölkənin qlobal qeyri-müəyyənlik fonunda əsas strateji üstünlüyünü formalaşdırır.
Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru


