İllik qeyri-neft-qaz istehsalı 5,5 faiz artıb

post-img

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Hesabat dövründə ölkənin neft-qaz sektorunda məhsul istehsalı azalma qeydə alınsa da, qeyri neft-qaz sektorunda 5,5 faizlik artım baş verib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb.

Komitənin məlumatına əsasən, il ərzində ən yüksək artım emal sektorunun əczaçılıq məhsullarının istehsalı sahəsində qeydə alınıb (86,3 faiz). Eynii zamanda, ağacın emalı və ağacdan məmulatların istehsalı 57 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 24,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1 faiz, tütün məmulatlarının istehsalı 14,4 faiz, neft məhsullarının istehsalı 13,7 faiz, qida məhsullarının istehsalı 9,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların, 2,8 faiz içkilərin istehsalı isə 0,5 faiz artıb. 

Bununla belə, metallurgiya sənayesi məhsullarının, tikinti materiallarının, mebellərin, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, maşın və avadanlıqların, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, poliqrafiya məhsullarının, kağız və kartonun, avtomobil, qoşqu və yarımqoşquların istehsalında isə azalma qeydə alınıb.

Ötən il ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.

XQ

İqtisadiyyat