“Abşeron” yatağında hasilat yüksəlir

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağı qaz və kondensat ehtiyatlarının zənginliyi ilə seçilir. 2023-cü ilin iyul ayında istismara daxil edilmiş yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasilat ötən il də ahəngdar rejimdə davam edib. 

Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə “Abşeron” yatağında 1,6 milyard kubmetr qaz və 0,6 milyon ton kondensat hasil olunub. 2024-cü illə müqayisədə burada qaz hasilatı artsa da (1,5 milyard kubmetr), kondensat hasilatı dəyişməyib. Ümumilikdə isə, ötən müddətdə adı çəkilən yataqdan buradan 3,5 milyard kubmetrdən çox qaz və 1,5 milyon ton kondensat çıxarılıb. 

Yeri gəlmişkən, “Abşeron” yatağının birinci işlənmə mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti mərhələdə isə burada illik qaz və kondensat hasilatının müvafiq olaraq 4 milyard kubmetrə və 1,7 milyon tona çatdırtılması proqnozlaşdırılır. 

Xatırladaq ki, “Abşeron” yatağı Xəzər dənizində, Bakıdan, təxminən, 100 kilometr cənub-şərqdə, “Şahdəniz” yatağından isə 25 kilometr şimal-şərqdə yerləşir. Yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. Hazırda burada qaz və kondensat JOCAP tərəfindən idarə olunan yeganə dərin dəniz quyusundan çıxarılır. 

XQ

İqtisadiyyat