AİB-in ölkəmizdə karbonsuzlaşdırmaya dəstəyi

post-img

Ölkəmiz qlobal iqlim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizənin ön sıralarında yer alır. Bu baxımdan karbon emissiyalarının azaldılması ilə bağlı həyata keçirilən tədbirlər diqqət çəkir. Təsadüfi deyil ki, artıq beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədə gördüyü işləri təqdir edir. Bunun nəticəsidir ki, ölkəmizdə ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən layihələrin maliyyələşdiriləmsinə beynəlxalq dəstək getdikcə artır.

Asiya İnkişaf Bankı (AİB) bir sıra region ölkələrində ağır sənaye və dəniz nəqliyyatı sahələrində karbon emissiyalarının azaldılması məqsədilə regional texniki yardım layihəsinin həyata keçiməsinə başladığını bəyan edib. Təşəbbüs bankın üzvü olan ölkələrin ən çox karbon tutumlu iqtisadi sahələrdə emissiyaların azaldılması və Paris sazişinin məqsədlərinə uyğun olaraq “ilk” iqlim layihələri portfelinin formalaşdırılması səylərinə dəstək göstərilməsini hədəfləyir.

Layihənin ümumi büdcəsi 2,25 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmənin AİB-in Xüsusi Texniki Yardım Fondu (500 min ABŞ dolları), Ağıllı Enerji İnnovasiya Fondu (1 milyon ABŞ dolları) və Texniki Yardım üzrə İspaniya Əməkdaşlıq Fondu (750 min ABŞ dolları) vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bankdan verilən məlumata əsasən, “Çətin dekarbonizasiya olunan sənaye və dəniz sektorlarının karbonsuzlaşdırılması” adlı regional texniki yardım layihəsi Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Türkmənistan və Özbəkistanın iştirakı ilə 2026-cı il fevralın 4-də təsdiqlənəcək. 

Qeyd edək ki, texniki yardım qurumun inkişaf etməkdə olan üzv ölkələrinə emissiyaların azaldılmasının ənənəvi olaraq yüksək texnoloji və maliyyə maneələri ilə əlaqəli olduğu sahələrin dekarbonizasiyası prosesində bilik mübadiləsinin aparılmasına və praktik dəstəyin verilməsinə yönəlib. Bəzi ölkələrdə bu proses artıq başlasa da, AİB-in qiymətləndirmələrinə görə, Paris sazişinin iqlim məqsədlərinə cavab vermək üçün inkişaf etməkdə olan üzv ölkələrin bütün inkişaf trayektoriyaları üzrə transformasiya tempi əhəmiyyətli dərəcədə sürətləndirilməlidir.

Bununla bağlı bankdan bildirilib ki, layihə sement, polad, gübrə və petrokimya sənayesi, eləcə də dəniz nəqliyyatı kimi karbon tutumu yüksək olan sahələrdə təmiz enerji keçidi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda bank Azərbaycanın da dekarbonizasiyası çətin olan sənaye və dəniz sektorlarının karbonsuzlaşdırılması üzrə texniki yardım proqramına qoşulması mümkünlüyü ilə bağlı danışıqlar aparır. Ümumilikdə isə, texniki yardımın Azərbaycan, Hindistan, İndoneziya, Filippin, Türkmənistan və Özbəkistan üzrə tətbiq edilə biləcək qiymətləndirmələri, yol xəritələrinin hazırlanmasını, institusional potensialın gücləndirilməsini və gələcəkdə maliyyələşdirilə biləcək layihələr portfelinin formalaşdırılmasını əhatə edəcəyi gözlənilir.

Asiya İnkişaf Bankının məlumatına əsasən, bu sahələr qlobal karbon emissiyalarının, təxminən, 30 faizini formalaşdırır və onların karbonsuzlaşdırılması Paris Sazişinin hədəflərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bankın məqsədi texniki dəstək vasitəsilə ağır sənaye və nəqliyyat sektorlarında ilkin layihələrin hazırlanmasına və investisiya prosesinin sürətləndirilməsinə dəstək verməkdir. Qeyd edək ki, layihə ADB-nin iqlim dəyişikliyi ilə mübarizə, institusional potensialın artırılması və regional əməkdaşlığın genişləndirilməsi üzrə prioritetlərinə uyğundur və 2027-ci ilin sonunadək icra olunacaq. 

Yeri gəlmişkən, beynəlxalq maliyyə təşkilatı olan Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir. Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlərində payı 0,447 faiz təşkil edir.

Asiya İnkişaf Bankı iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,3 milyard dollardan çox vəsait ayırıb. 

Hazırda AİB tərəfindən Azərbaycanda 10 texniki yardım layihəsi həyata keçirilir. Bura ölkəmizdə iqtisadi diversifikasiya sektorunun inkişafı proqramının müasirləşdirilməsi üzrə peşə təhsili və təlimin hazırlanması, dövlət–özəl tərəfdaşlığının inkişafı mərkəzi və layihələrin inkişafı fondunun dəstəklənməsi, vergi siyasəti və idarəetmə potensialının gücləndirilməsi, iqtisadi diversifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı, dövlət sektorunda idarəetmə islahatına dəstək, Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı layihəsi üzrə texniki dəstək, yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı, daha effektiv iqtisadi siyasət üçün biliyin idarə olunmasının gücləndirilməsi, eləcə də dəmir yolu tranziti əməliyyatlarına və investisiya planlaşdırılmasına dəstək layihələri daxildir.  

Azərbaycan və Asiya İnkişaf Bankı arasında gələcək tərəfdaşlığının əsasını isə 2030-cu ilə qədər ölkəmizdə bərpa olunan enerjinin payının 30 faizə çatdırılması, “yaşıl” dəhlizlərin inkişafı, karbon emissiyalarının azaldılması, Xəzər dənizinin sualtı kabel layihəsi, eləcə də elektrik ötürücü və paylayıcı şəbəkələrin gücləndirilməsi kimi əsas strateji prioritetlər təşkil edəcək.

Mirbağır YAQUBZADƏ
XQ

 

 

 

 

İqtisadiyyat