Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Suverenliyi və Meşə Təsərrüfatı Nazirliyinin nəzarətində fəaliyyət göstərən və kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat qurumu olan Kənd Təsərrüfatı Tədqiqatları və Kənd Təsərrüfatı İqtisadiyyatı Şurası (CREA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi ATM-in direktoru Rəşad Hüseynov və CREA-nın prezidenti Andrea Rocchi imzalayıb.
Onlayn imzalanma mərasimində Rəşad Hüseynov Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mərkəz aqrar siyasətin elmi əsaslandırılması və analitik bazasının formalaşdırılması istiqamətində fəaliyyət göstərir və bu sahədə “beyin mərkəzi” kimi beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Direktor Mərkəzin həm də aqrar sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində oynadığı mühüm rolu qeyd edib.
Qurumların əməkdaşlığı məsələsinə gəlincə, Mərkəz rəhbəri deyib ki, bu əməkdaşlıq tarixi təcrübə və mövcud elmi potensialdan çıxış etməklə formalaşdırılmalı, tədqiqatçılar üçün yeni innovasiya imkanları açmalıdır. O, bu çərçivədə birgə tədqiqat mövzularının müəyyənləşdirilməsini, bilik və təcrübə mübadiləsini, davamlı innovasiya mühitinin yaradılmasını əsas məqsəd kimi vurğulayıb.
CREA prezidenti Andrea Rocchi də rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qısa məlumat verib. Bildirib ki, CREA kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, kənd yerlərinin inkişafı və iqtisadiyyat sahəsində fundamental tədqiqatları təşviq edən və aparan aparıcı tədqiqat təşkilatıdır. Qurumun elmi fəaliyyəti kənd təsərrüfatı bitkiləri, heyvandarlıq, balıqçılıq, meşəçilik, aqrosənaye, qida elmi və sosial-iqtisadi aspektləri əhatə edir.
Mərasimdə qeyd olunub ki, Anlaşma Memorandumunun məqsədi ümumilikdə sosial rifaha və iqtisadi inkişafa töhfə verməkdir.
Memorandumda göstərilir ki, yaxın 3 ildə birgə iş planları hazırlanacaq, tərəflər məlumatların və tədqiqat materiallarının mübadiləsi, tədqiqat heyətinin mübadiləsi, müvafiq görüşlər və konfranslar üzrə birgə iş, kənd təsərrüfatının və aqrosənayenin inkişafı və s. məsələlər üzrə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, təlim və təqaüd proqramlarında iştirak kimi sahələr üzrə əməkdaşlığı inkişaf etdirəcəklər.
XQ



