“Qoca qitə” ölkəmizin alternativ enerji mənbələrinə də böyük maraq göstərir
Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi qərar yeni istiqamət axtarışını göstərir. Diqqəti alternativ enerji mənbələrinə yönələn “qoca qitə” nəzərdə tutulan mənfəəti əldə edə bilməyəcəyini yaxşı anlayır. Məhz bu səbəbdən mövcud geosiyasi vəziyyətdə enerji sahəsində əməkdaşlığın inkişafı üçün yollar axtarılır.
Belə bir dönüş Avropa üçün həm iqtisadi, həm siyasi, həm strateji aspektlərdə təmkinli yenidən qurulma tələb edir. Bu şəraitdə diqqət yeni təminatçı ölkələrə – infrastruktura, tranzit imkanlarına və sabit tədarük sisteminə sahib regionlara yönəlir. Bu regionlardan biri Azərbaycandır. Rusiya qazından imtina Avropada enerji bazarını yenidən formalaşdıracaq. Bu boşluğu doldurmaq üçün enerji tədarükçüsü axtaran Avropa Azərbaycanın qaz ehtiyatlarına, strategiyasına və coğrafi mövqeyinə xüsusi maraq göstərir.
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatının 38,6 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü ilin göstəricisinə uyğundur. 2026-cı ildə Azərbaycanda qaz hasilatının ümumi həcminin 48 milyard 437 milyon kubmetr təşkil edəcəyi gözlənilir. Bunun 38 milyard 8,4 milyon kubmetri əmtəəlik qazın payına düşəcək.
Ümumiyyətlə, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda 37 milyard 794 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin 29 milyard 46,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı 1,8 faiz, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.
Neft hasilatında da vəziyyət ürəkaçandır. Bu ilin yanvar-sentyabr ayları üzrə məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.
Azərbaycan enerji resursları və infrastruktur baxımından Avropaya sabit, uzunmüddətli tədarük təmin edə biləcək nadir ölkələrdən biridir. Belə ki, ölkəmizin qaz tədarükü sahəsində imkanları Avropanın alternativ qaz mənbəyinə çevrilməsi üçün real əsas yaradır. Avropanın enerji planlarında köklü dəyişikliklər bu potensialı aktuallaşdırır. Xüsusilə, Şərqi Avropa ölkələri – əvvəllər Rusiya qazından asılı olanlar – indi alternativ mənbələr axtarışındadır. Bu istiqamətdə Azərbaycan daha çox diqqətə layiq tərəf olaraq irəli çıxır.
Bu qlobal dönüş Azərbaycanın üzərinə regionda sabit enerji tədarükçüsü kimi öz imicini möhkəmləndirmək missiyası qoyur. Belə bir rol Avropanın enerji təhlükəsizliyini gücləndirmək, Aİ ölkələrinin maraqlarına uyğun tədarük təminatı formalaşdırmaq, həmçinin geoiqtisadi münbitlik deməkdir.
Uzun illərdir davam edən Azərbaycan – Aİ enerji əməkdaşlığının bundan sonrakı fazası aktivliyi ilə yadda qalacaq. Təsadüfi deyil ki, Rusiyanın enerji orbitindən kənarda qalan ölkələrin ilk müraciət etdiyi ölkə məhz Azərbaycandır. Məsələn, Azərbaycan Serbiyaya qaz tədarükünə 2024-cü ilin yanvarında başlayıb. Müqavilədə illik 400 milyon kubmetr həcmində qaz tədarükü nəzərdə tutulurdu ki, bu da 2027-ci ilə qədər 1 milyard kubmetrə çatdırılacaq.
Əvvəllər Belqrad Azərbaycanla uzunmüddətli müqavilə imzalamaqdan yayınaraq, Rusiya qazına üstünlük verən qiymət fərqlərinə diqqət yetirir və qiymətlərin aşağı salınmasını tələb edirdi. İndi Avropa İttifaqının Rusiyanın enerji resurslarından tamamilə imtina etmək qərarından sonra Serbiya enerji strategiyasını yenidən istiqamətləndirmək məcburiyyətində qalıb.
N.ABDALOV
XQ


