Mərkəzi Asiya ölkələri ilə investisiya tərəfdaşlığı genişləndiriləcək

post-img

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya tərəfdaşlığı mexanizmlərinin hazırlanması barədə razılığa gəlib.

Razılaşma Daşkənddə keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının I iclasında əldə olunub. Görüşdə Azərbaycanı iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev təmsil edib. Tərəflər qarşılıqlı ticarətin və sənaye inteqrasiyasının inkişafı, regional ticarət dövriyyəsinin illik 20 milyard ABŞ dollarına çatdırılması, “Made in Central Asia” brendi altında birgə istehsal meydançalarının yaradılması və beynəlxalq investorların regional layihələrdə iştirakı məsələlərini müzakirə ediblər.

Özbəkistanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 2017-ci ildəki 3,2 milyard dollardan 2024-cü ildə 6,9 milyard dollara yüksəlib. Azərbaycanla ticarət dövriyyəsi isə bu ilin əvvəlindən 13 faiz artıb.

İclasın sonunda iqtisadi və sənaye əməkdaşlığının dərinləşdirilməsi, birgə istehsal və investisiya tərəfdaşlığının yeni mexanizmlərinə dair birgə kommünike imzalanıb.

İqtisadiyyat