Cari ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinə 20 milyon manat kredit verilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, iyun ayının sonuna özəl bölmənin bu seqmentinə verilən kreditlərin həcmi 8 milyard 508 milyon manat təşkil edib. Bu da may ayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25 faiz çoxdur. Hesabat dövrünə ölkədə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 486 milyon manat olub. Bankın məlumatında o da qeyd olunub ki, ilin iyun ayının sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15 milyard 144 milyon manat təşkil edib.
Xatırladaq ki, bu il iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8 faiz), “Emal sənayesi” (13,3 faiz), “Tikinti” (11,6 faiz), eləcə də “Nəqliyyat və anbar təsərrüfatı” (6,3 faiz) sahələrində yaradılıb.