5 ayda bu sahədə məhsul istehsalı 6,4 faiz çoxalıb
Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu da sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər isə sözügedən sektorda mühüm növ malların istehsalının getdikcə artmasına səbəb olur. Qeyri-neft sənayesində məhsul istehsalının artması isə ölkənin ixrac potensialının genişləndirilməsinə mühüm töhfələr verir.
Azərbaycanda qeyri-neft sənayesi müəssisələrinin yaradılması dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Yerli xammal hesabına ölkənin qeyri-neft sənayesində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalı üçün isə imkanlar olduqca genişdir. Bu baxımdan son illər yaradılmış sənaye parkları və məhəllələri müstəsna rol oynayır. Təsadüfi deyil ki, sözügedən zonalarda yüksək texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr ölkənin sənaye potensialının artmasında, ixracyönümlü məhsulların istehsalında mühüm yer tutur.
Bu ilin yanvar-may aylarında ölkənin sənaye müəssisələrində 26 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı neft-qaz sektorunda 2,8 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 6,4 faiz çoxalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 62,2 faizi mədənçıxarma, 31 faizi emal, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faizə yüksəlib. Ümumi istehsalın 88,9 faizi sənaye məhsullarının istehsalı, 11,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2025-ci il vəziyyətinə 835 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 51,3 faizi Bakı, 13,6 faizi Sumqayıt, 3,9 faizi Gəncə, 0,7 faizi Şirvan şəhərlərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 107,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.