İcbari Sığorta Bürosunun məlumata görə, bu qurum tərəfindən respublikada icbari sığorta sektorunun dayanıqlı, innovativ və şəffaf inkişafını təmin etmək məqsədilə hazırlanan Sığorta Sektorunun İnkişaf Strategiyası (2025-2027-ci illər) təsdiq edilib.
Sənəddə İSB-nin 2025-2027-ci illər üzrə əsas hədəfləri və həyata keçiriləcək tədbirlər əksini tapıb. İSB-nin missiyası icbari sığorta sektorunun inkişafı üçün sürətli biznes həlləri reallaşdırmaq, bu sahədə hüquqi-normativ bazanın tənzimlənməsinə töhfə vermək, etibarlı, işlək icbari sığorta mühiti yaratmaq və inkişaf etdirmək, icbari sığorta xidmətlərinin əlçatanlığını gerçəkləşdirmək, dayanıqlı və etibarlı qarantiya fondu yaratmaq, bu sahədə ən qabaqcıl təcrübə və yeniliklərin tətbiqini həyata keçirməkdir.
Hazırda İSB İnformasiya Mərkəzi, Qarantiya Fondu, Sığorta Beyin Mərkəzi, “Yaşıl” Kart Bürosu və Təbliğat-Təşviqat sahələri üzrə fəaliyyət göstərməklə icbari sığorta sektorunun dayanıqlı inkişafında və səmərəli tənzimlənməsində mühüm rol oynayır.
İSB-nin qarantiya fondu kimi maliyyə dayanıqlığının və funksional səmərəliliyinin gücləndirilməsi icbari sığorta sisteminin uzunmüddətli etibarlılığının təmin olunması baxımından əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.
Vahid Məlumat Mərkəzinin yaradılması, data və süni intellekt texnologiyalarının strateji qərarvermə prosesinə inteqrasiyası, sığorta sektorunda innovasiya fəaliyyətinin stimullaşdırılması, eləcə də dayanıqlı və təhlükəsiz İT infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçiriləcək işlər prioritet fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur.
Azərbaycan “Yaşıl” Kart Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi, Təkmil Metodoloji Mərkəzin yaradılması, səmərəli kompensasiya ödənişləri və subroqasiya mexanizminin formalaşdırılması, eləcə də institusional inkişafla bağlı məsələlər də strategiyada öz əksini tapıb. Bununla yanaşı, korporativ idarəetmə modelinin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Strategiyada müasir idarəetmə prinsiplərinə uyğun olaraq risklərin səmərəli şəkildə idarə olunmasını reallaşdıran sistemin yaradılması, həmçinin rəqəmsallaşma prosesinin sürətləndirilməsi məqsədilə kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi də əsas hədəflər sırasına daxil edilib.