Azərbaycan nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən təşkil olunmuş 16-cı LANDNET tədbirində iştirak edib.
Tədbirdə əsas müzakirə mövzuları torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatları ilə səciyyələnən rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun yaradılması, gənclər və qadınlar da daxil olmaqla, hər kəs üçün layiqli yaşayış şəraiti təklif edən dinamik kənd ərazilərinin inkişaf etdirilməsi, həmçinin ölkələrin inkişaf çağırışlarına – xüsusilə iqlim dəyişikliyinə – hazırlığının gücləndirilməsi məsələləri olub.
Tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiya ətraflı müzakirə olunub. Həmin strategiya bu iki bir-birini tamamlayan torpaq idarəetmə alətinin tətbiqinə dair geniş siyasət çərçivəsini müəyyənləşdirir. Strategiyada bu alətlərin mahiyyəti açıqlanır, onların müxtəlif problemlərin həllində necə tətbiq edilə biləcəyi göstərilir və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımların yol xəritəsi təqdim olunur.
Qeyd edək ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd – torpaq sahələrinin həddindən artıq parçalanmasının qarşısının alınması və təsərrüfatların orta ölçüsünün artırılması yolu ilə kənd təsərrüfatı strukturunun təkmilləşdirilməsidir. Bundan əlavə, bu alətlər kənd ərazilərinin inkişafı ilə bağlı digər strateji hədəflərə çatmaq və iqlim dəyişikliyi fonunda yaranan çağırışlara cavab vermək üçün də istifadə edilə bilər. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar (istər dövlət, istərsə də xüsusi mülkiyyət formasında) dövriyyədən çıxarılaraq yeni məqsədlərə yönəldilə bilər.
Torpaqların konsolidasiyası və torpaq bankçılığı alətləri, dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqların aktiv idarə olunması və icarə mexanizmlərinin təşkili kimi digər torpaq idarəetmə vasitələri ilə birgə tətbiq edilə bilər və bu, gələcəyə dair hədəflərin reallaşmasına əsaslı töhfə verməyə xidmət edəcək.
Tədbir çərçivəsində torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və sahə üzrə beynəlxalq ekspertlərlə Azərbaycanda bu istiqamətdə proqramların həyata keçirilməsi imkanları da müzakirə olunub.