Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə cari ilin yanvar – aprel ayları ərzində 66,4 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz çox) vəsaitin ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə 14 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hesabat dövründə hərraca çıxarılan dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşdırılıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 4 ayı ərzində 190-ı qeyri-yaşayış, 1254-ü isə torpaq sahələri üzrə olmaqla 1444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri – yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi reallaşdırılıb, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artım qeydə alınıb.