Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, banklar və “Azərpoçt” MMC sistemləri üzrə cari il martın sonunda dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayı ilə müqayisədə 221 min ədəd artaraq 20 milyon 460 min (ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çox) təşkil edib.
Qeyd edilib ki, ödəniş kartlarında artım debet kartları üzrə 20,1faiz, kredit kartları üzrə 0,01faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə artıb.
2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67 faizini təşkil edib.