Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar – mart ayları ərzində respublikada qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 129,8 milyon manat (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 milyon manat və ya 5,5 faiz çox) təşkil edib.
Hesabat dövründə, eyni zamanda, qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 25,6 milyon manat (2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 2,1 milyon manat və ya 7,6 faiz az) təşkil edib. Başqa sözlə, 2024-cü ilin birinci rübündə ölkədə qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 123 milyon manat, ödənişləri isə 27,7 milyon manat olub.
Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 399,1 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 26 milyon manat çox) sığorta haqqı toplanıb. Yanvar – mart aylarında sığorta şirkətləri tərəfindən 164 milyon manat (illik müqayisədə 10,7 milyon manat, yaxud da 7 faiz çox) ödəniş edilib.
2024-cü ilin birinci rübündə isə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığorta haqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat ödəniş həyata keçirilib.