“Zərifə Əliyeva” gəmi-bərəsi Xəzərdə üzən körpüdür

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür. 2022-ci ildən bu il aprelin 1-dək sözügedən gəmi ilə 17 min 908 yük avtomobili daşınıb. Bununla yanaşı, ötən 3 il ərzində gəmi-bərə ilə 337 vaqon, 2 min 94 minik avtomobili və 16 min 970 sərnişin daşınıb.

Qeyd edək ki, “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Gəminin tikilib istismara verilməsinə 3 il vaxt sərf olunub. 30 nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. Gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, sürəti isə 14 uzeldir.

“Zərifə Əliyeva” gəmi-bərəsi Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha öndədir. Belə ki, gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər var.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə suya buraxılmış gəmi-bərə ilk səfərini 2022-ci il mayın 5-də də Qazaxıstanın Kurık limanına edib. Ümumilikdə, gəmi Aktau – Ələt, Ələt – Aktau, Türkmənbaşı – Ələt, Ələt – Türkmənbaşı, Kurık – Ələt, Ələt – Kurık istiqamətləri üzrə çoxsaylı səfərlər həyata keçirib.

 

İqtisadiyyat