Dünya Bankının ölkəmizlə növbəti əməkdaşlığı

post-img

5 ildə layihələrə 1,5 milyard dollar vəsait ayrılacaq

Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xəttilə növbəti 5 il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.

Bu barədə DB-nin mediada yayılan məlumatına görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 2025 – 2026-cı illər üçün ilkin maliyyə planına Azərbaycan hökumətinin müraciəti əsasında 5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmənin 250-400 milyon dollar həcmində olması nəzərdə tutulub.

Məlumata əsasən, məşğulluğun dəstəklənməsi layihəsinə əlavə olaraq 150 milyon dollar, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) 225 milyon dollar, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsinə 400 milyon dollar, Bakının inkişafı layihəsinə 100-300 milyon dollar ayrılması planlaşdırılıb. Bu vəsaitin, təxminən, yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı qərara alınıb.

Bildirilir ki, gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti ilə müəyyən layihələrin icrasını planlaşdırır. İlkin dövrdə əsas diqqətin aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcəyi nəzərdə tutulur. Bu, proqramının həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər.

Xatırladılır ki, 2024-cü il dekabrın əvvəlində Azərbaycanda Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.

Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının səhmlərinin 0,13 faizinə sahibdir ki, bu da 2 min 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda daha 505 səhmin alınması nəzərdə tutulub.

Dünya Bankının neft sektoruna texniki yardım layihəsi ölkəmizin neft sektoruna xarici investisiyaların təşviq olunması üçün məsləhət xidmətlərini maliyyələşdirib və ayrılan vəsaitin həcmi 20,8 milyon dollar təşkil edib. Bura qanunverici bazanın təkmilləşdirilməsi və neft sənayesində çoxsaylı problemlərin həllinə dəstək daxil olub.

Qeyd edək ki, indiyədək Dünya Bankı Azərbaycana 50-dən çox layihə üçün 4,5 milyard dollardan artıq məbləğdə maliyyələşdirmə ayırıb.

 

İqtisadiyyat