Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən 1,08 milyard dollar (1 082 873 000 dollar) vəsait göndərilib. Bu, 2023-cü il ilə müqayisədə 34,6% və ya 571,9 milyon dollar (571 942 000 dollar) az olmaqla yanaşı, son 5 ildə qeydə alınan ən az göstəricidir.
Son 5 ildə fiziki şəxslər tərəfindən Azərbaycana ən çox pul köçürməsi 2022-ci ildə 3,62 milyard dollar (3 620 117 000 dollar) olaraq qeydə alınıb. Bu, 2021-ci ilə nisbətən 219,4% (3,2 dəfə) və ya 2,49 milyard dollar ( 2 486 726 000 dollar) çoxdur.
Məlumat üçün bildirək ki, 2022-ci ildə ölkəmizə pul köçürmələrinin əsas səbəbi Rusiya-Ukrayna arasındakı hərbi toqquşmanın başlamasıdır. Həmin il ən çox pul köçürməsi Rusiyada yaşayan azərbaycanlılar tərəfindən həyata keçirilib. Daha dəqiq desək, 2022-ci ildə Azərbaycana köçürülən 3,62 milyard dollar vəsaitin 82%-i və ya 2,97 milyard dolları Rusiyadan göndərilib.
Ötən il ölkəmizə xaricdən köçürülən 1,08 milyard dollar vəsaitin 45,57%-i və ya 496,8 milyon dolları (496 753 000 dollar) da Rusiyada yaşayan şəxslərdən gəlib.
İkinci sırada isə 175,9 milyon dollar (175 897 000 dollar) ilə qardaş ölkə Türkiyə yer alıb. Türkiyədə yaşayan şəxslərdən ölkəmizin əhalisinin bank hesablarına il ərzində gələn pul həcmi ümumi köçürmələrin 16,24%-ni təşkil edib.
Amerika Birləşmiş Ştatları 65 milyon dollar (64 984 000 dollar) ilə üçüncü yeri tutub. ABŞ-dən gələn pul həcmi ümumi köçürmələrin 6%-ni təşkil edib.
Ötən il Azərbaycandan xarici ölkə vətəndaşlarının bank hesablarına 526,8 milyon dollar (526 759 000 dollar) vəsait köçürülüb. Bu, 2023-cü ilə nisbətən 4,2% və ya 23,4 milyon dollar (23 367 000 dollar) az deməkdir.
Qeyd edək ki, Azərbaycandan xarici ölkə vətəndaşlarının bank hesablarına göndərilən vəsaitlə bağlı ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb. Həmin il ölkəmizdən xarici ölkə vətəndaşlarının bank hesablarına 664,8 milyon dollar (664 798 000 dollar) vəsait göndərilib.
Son 5 ilin ən aşağı göstəriciləri 2023 və 2024-cü ildə qeydə alınıb. Buna səbəb kimi yenə də Rusiya və Ukrayna arasındakı hərbi toqquşmanı göstərmək olar. Çünki iki ölkə arasındakı müharibəyə görə, həmin ölkələrdə yaşayan azərbaycanlıların bir qismi ölkəmizə geri dönüb.
Azərbaycandan xarici ölkələrə göndərilən pul vəsaitlərinin ölkələr üzrə həcminə baxdıqda sıralama dəyişir. Azərbaycanlıların ən çox pul göndərdiyi ölkə Türkiyədir. 2024-cü ildə xaricə pul köçürmələrinin 28,82%-i Türkiyə sakinlərinin bank hesablarına köçürülüb. Bu məbləğ 151,8 milyon dollara (151 837 000 dollar) bərabərdir. Buna səbəb Türkiyədə təhsil alana azərbaycanlı tələbələrin çoxluq təşkil etməsidir.
İkinci sırada isə 60,4 milyon dollar (60 425 000 dollar) ilə Amerika Birləşmiş Ştatları yer alır. Bu məbləğ ümumi köçürmələrin 11,47%-nə bərabər olub. Bunu da, təhsil üçün ABŞ-yə üz tutan gənclərin çox olması ilə əlaqələndirmək olar.
Rusiya 58 milyon dollar (57 988 000 dollar) ilə üçüncü sırada qərarlaşıb. Ötən il ərzində Azərbaycandan qonşu ölkədə yaşayan şəxslərə göndərilən vəsait ümumi köçürmələrin 11,01%-ni təşkil edib.
Hər iki ölkənin Mərkəzi Bankının açıqladığı rəsmi məlumata əsasən, həm xaricdən ölkəyə, həm də ölkədən xaricə göndərilən vəsait üzrə Azərbaycan Ermənistanı qabaqlayıb. Ermənistanın əhalisi Azərbaycan əhalisindən az olsa da, bu ölkənin göstəricilərinin ölkəmizin nəticələrinə yaxın olması Ermənistan vətəndaşlarının yaşamaq üçün xarici ölkələrə üz tutması ilə bağlıdır. Bir çox ölkələrdə yaşayan ermənilərin sayının çoxluğu heç kəsə sirr deyil.
Qeyd edək ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycan əhalisinin bank hesablarına göndərilən vəsait 1,08 milyard dollar (1 082 873 000 dollar), Ermənistan əhalisinin bank hesablarına göndərilən vəsait isə 1,01 milyard dollar (1 013 449 060 dollar) təşkil edib.
Ötən il Azərbaycandan pul köçürmələrinin həcmi 526,8 milyon dollar (526 759 000 dollar), Ermənistandan isə 440,0 milyon dollar (439 993 030 dollar) qeydə alınıb.
Əlavə olaraq bildirək ki, 2024-cü ildə xarici ölkələrdən Ermənistanda yaşayan şəxslərin bank hesablarına göndərilən vəsaitin böyük hissəsi Rusiyanın (41,3%) və ABŞ-nin (32,4%) payına düşür.