Mərkəzi Bank illik inflyasiyanı açıqlayıb

post-img

Bu ilin yanvar ayında 12 aylıq inflyasiya 5,4 faiz olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5 faiz, qeyri-ərzaq malları üzrə 2,6 faiz, xidmətlər üzrə 8,4 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,3 faiz olub.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8,5 faiz təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10,7 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1,5 faiz ucuzlaşıb.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu dəyişməz qalır.

İqtisadiyyat