Şirkətlərimiz dünyada daha yaxından tanıdılacaq

post-img

Azərbaycanın NEW MEDIA Agentliyi və “Kotler Impact” strateji marketinq icmasının MDB ölkələrində eksklüziv nümayəndəsi olan “AWE Consulting” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu strateji addım ölkə iqtisadiyyatının əsas sektorlarında fəaliyyət göstərən ən innovativ və dayanıqlı şirkətlərini beynəlxalq arenada tanıtmaq və nümayiş etdirmək məqsədi daşıyır.

NEW MEDIA şirkətinin rəhbəri Rasim Davudov ilə görüşdə “AWE Consulting” şirkətinin baş direktoru və təsisçisi Tata Çolariya dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin rəhbərlik etdiyi və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdən danışıb. O qeyd edib ki, “AWE Consulting” dayanıqlı inkişafa və sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyaları və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.

Qeyd edək ki, “Essentials of Modern Marketing” layihəsi yerli biznes nailiyyətlərini qabaqcıl marketinq təcrübələri ilə birləşdirməyə yönəlmiş qlobal təşəbbüsdür. Azərbaycanda ölkənin ən yaxşı şirkətləri haqqında məlumatların yer alacağı kitabın nəşri beynəlxalq tanınma və tərəfdaşlıq üçün yeni imkanlar açacaq. Kitab, eyni zamanda, müxtəlif ölkələrdəki universitetlərin akademik proqramlarının bir hissəsi olacaq. Bu da Azərbaycan şirkətlərinin iştirakı ilə bilik mübadiləsi və mövzu tədqiqatlarının yaradılmasına töhfə verəcək.

NEW MEDIA Azərbaycan biznesinin innovativ həllərini beynəlxalq arenada nümayiş etdirmək və onun qlobal bazarda böyüməsini təşviq etmək məqsədi daşıyan bu layihəni dəstəkləyir. Azərbaycan və beynəlxalq auditoriya üçün kitabın nəşri ölkənin işgüzar dairələrinə uğurlu biznes nümunələri bölüşmək və qlobal platformada daha çox tanınmaq baxımından unikal imkan yaradacaq. Bu da, öz növbəsində, yeni tərəfdaşlıqlar, investisiyalar və bazar imkanlarının artırılması üçün perspektivlər yaradacaq.

Xatırladaq ki, 2009-cu ildə əsası qoyulmuş NEW MEDIA ilk ixtisaslaşmış media satış şirkəti və rəqəmsal reklam sahəsinin lideridir. Fəaliyyətə internet reklamçılıqla başlayan və texnoparkın rezidenti olan NEW MEDIA şirkəti “Azerconnect” ilə birləşməklə “Telco Data”nın unikal imkanlarından istifadə edərək innovativ reklam həlləri təqdim edir. 200-dən çox rəqəmsal layihə həyata keçirmiş və 250-dən çox müştəri bazasına malik NEW MEDIA şirkəti innovativ və yüksək keyfiyyətli həlləri ilə tanınır.

 

İqtisadiyyat