Bakı Fond Birjasının məlumatına görə, Azərbaycan hərrac nəticəsində daxili dövlət borcunun 18 milyon 35 min manatlıq hissəsini vaxtından əvvəl geri qaytarıb.
Qeyd edək ki, cari il yanvarın 1-nə ölkəmizin daxili dövlət borcu 18 milyard 660 milyon manat və yaxud ümumi daxili məhsulun (ÜDM) 14,8 faizi qədər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz çox) olub. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində gerçəkləşib.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsində daxili dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 170,3 milyon manat təşkil edib.
Maliyyə Nazirliyindən bildirilib ki, daxili dövlət borcunun artmasının əsas səbəbi strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.
2025-ci il 1 yanvar tarixinə daxili dövlət borcunun 9 milyard 506 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Strategiyaya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 9 dəfə artaraq 9 milyard 506 milyon manata çatıb.
Hesabat tarixinə dövriyyədə olan 9 milyard 506 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 17,5 faizi 1 illik, 72,4 faizi 2 və 3 illik, 10,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür.