2024-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3 min 37 istixana fəaliyyət göstərib. Femerlər və fərdi təsərrüfat sahibləri tərəfindən il ərzində həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Bu da daxili bazarda meyvə və tərəvəz bolluğuna səbəb olmaqla yanaşı, ölkənin ixrac imkanlarının da əhəmiyyətli dərəcədə artmasına imkan yaradıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.