Bu həftə İğdır – Naxçıvan təbii qaz kəməri istifadəyə veriləcək. Beləliklə, Türkiyədən Naxçıvana təbii qazın ixracına başlanılacaq. Bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Hazırda İğdır–Naxçıvan boru kəmərində son tamamlanma işlərinin aparıldığını bildirən nazirin sözlərinə görə, boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyev iştirak edəcəklər. Eyni zamanda, tədbirə hər iki ölkənin dövlət rəsmiləri də qatılacaqlar.
Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında İğdır – Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə 2023-cü il iyunun 5-də qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında yer alıb.
İğdır–Naxçıvan boru kəmərinin təməli isə 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Yeri gəlmişkən, həmin gün iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini xüsusi olaraq vurğulayaraq onun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirmişdilər.
Qeyd edək ki, İğdır –Naxçıvan qaz boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Türkiyə hissəsinin uzunluğu isə 80 kilometr, Azərbaycan hissəsinin uzunluğu isə 17,5 kilometrdir. Eyni zamanda, layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikiləcək. Həmin stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmini edəcək. Beləliklə, təbii qaz Naxçıvana ən təhlükəsiz şəkildə daxil olacaq. Boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın təbii qaza olan tələbatını tam ödəməyə imkan yaradacaq. Eyni zamanda, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq üçün imkanlar da mövcuddur. Layihənin idarəçiliyi isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçiriləcək.
Göründüyü kimi, Türkiyənin əsas qaz tədarükçülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə Naxçıvan Muxtar Respublikasının “mavi yanacaq”la təchizatı probleminin həlli üçün yeni fürsət qazanıb. Xatırladaq ki, hazırda muxtar respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. Bu isə mövcud tələbatdan bir qədər azdır. Mühüm infrastruktur layihəsi olan İğdır –Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə Naxçıvanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Eyni zamanda, kəmərin işə düşməsi muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan yaradacaq. Məlum olduğu kimi, 2006-cı ildən Naxçıvanın təbii qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Əməliyyatın şərtlərinə əsasən, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Ekspertlərin fikrincə, İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Belə ki, Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Dünyada isə belə əməliyyatlar üzrə faiz dərəcəsi 5 faizdən yüksək deyil.
Yeni qaz kəmərinin işə düşməsi ilə Azərbaycan təbii qazını Qarsdan İğdıra, oradan da Naxçıvana nəql ediləcək. Bununla da, muxtar respublikanın “mavi yanacağ”a getdikcə artmaqda olan tələbatının bir mənbədən asılılığı sona çatacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması təbii qazın bu kəmərdən əks istiqamətdə nəqlinə imkan yaradacaq. Bu isə Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq.