Azərbaycanda uğurla tətbiq edilən aqrar sığorta mexanizmi təcrübəsindən Özbəkistan da istifadə edəcək. Bu mövzu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və Aqrar Sığorta Fondunun rəhbərliyinin Özbəkistandakı səfərində diqqət mərkəzində olub.
Səfər zamanı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyevin daxil olduğu nümayəndə heyəti Özbəkistanın Kənd Təsərrüfatı və İqtisadiyyat və maliyyə nazirliklərində, eləcə də Özbəkistan Respublikasının Perspektiv Layihələr üzrə Milli Agentliyində görüşlər keçirib.
Özbəkistanın İqtisadiyyat və maliyyə nazirinin müavini Axadbek Xaydarov, nazirliyin departament rəhbəri Botir Umonaliyev, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin departament direktorunun müavini İlxom Jurayevlə görüşdə Azərbaycan və Özbəkistan arasında imzalanmış memoranduma əsasən Azərbaycandakı aqrar sığorta sistemi təcrübəsinin Özbəkistanda tətbiq edilməsinə dair müzakirələr aparılıb.
Aqrar sığorta sahəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq və Azərbaycan təcrübəsinin tətbiqi nümayəndə heyətinin Özbəkistan Respublikasının Perspektiv Layihələr üzrə Milli Agentliyinin sədr müavini Vyacheslav Yurieviçlə keçirilən görüşdə müzakirə edilib.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizminin yaradılmasına Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə start verilib. Sözügedən fərmanla «Aqrar Sığorta haqqında» qanun tətbiq edilib və Aqrar Sığorta Fondu təsis edilib.
Azərbaycanda aqrar sığorta mexanizmi qardaş Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM təşkilatının təcrübəsi və dəstəyi əsasında yaradılıb. Aqrar sığorta sistemi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlərdən sığortalamaq olar. Qaydalara əsasən fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Fəaliyyətə başladıqdan indiyədək Aqrar Sığorta Fondunun əhatə dairəsi və fəaliyyəti ildən ilə genişlənməkdədir. Hazırda Aqrar Sığorta Fondu vasitəsilə 447 min hektar və ya ölkədəki bütün əkin sahələrinin təqribən 25%-i sığortalanır. Fermer və təsərrüfatlara ödənişlər isə sürətlə artaraq 2024-cü ilin nəticələrinə görə, 6,4 milyon manata yüksəlib, bu rəqəmlər hər gün artır.
Azərbaycanın uğurlu aqrar sığorta təcrübəsinin region ölkələrinin də diqqətini cəlb edib və hazırda bu təcrübənin digər ölkələrdə, o cümlədən Özbəkistanda tətbiqi ilə bağlı ilə bağlı müzakirələr aparılır.
Aqrar sığorta məhsulları, məhsul şərtləri, təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı www.asf.gov.az rəsmi vebsaytından və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq olar.