Azərbaycanın yeni avtomobil yolları ölkəmizi tərəqqi və rahatlığa qovuşdurur

post-img

22 Fevral Avtomobil Yol İşçilərinin Peşə Bayramı Günüdür

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı yol infrastrukturunun yenidən qurulması, yeni yolların çəkilişi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir, dəyərli tövsiyə və tapşırıqlarını verir.

Prezident İlham Əliyevin 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevral ayının 22-nin ölkəmizdə “Avtomobil yol işçilərinin peşə bayramı günü” kimi təsis edilməsi isə yol təsərrüfatına, eləcə də bu sahədə çalışanlara diqqət və qayğının parlaq təzahürüdür. Artıq 18-ci ildir ki, peşə bayramlarını qeyd edən yol təsərrüfatının işçiləri dövlət qayğısına cavab olaraq infrastrukturun təkmilləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirməklə Azərbaycanda gedən ümumi inkişaf prosesinə mühüm töhfələr verirlər. Məhz onların fədakarlığı sayəsində sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.

Ölkəmizdə XIX əsrdən başlayan yol tikintisinin ən möhtəşəm inkişaf dövrü isə son 20 ili əhatə edir. Ötən müddətdə ölkəmizdə modern və ən qabaqcıl standartlara cavab verən yol-nəqliyyat infastrukturu formalaşdırılıb. Yeri gəlmişkən, dövlət başçısının yol təsərrüfatının inkişafı ilə bağlı qəbul etdiyi proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2004-2024-cü illər ərzində ölkədə 6 min 593,7 kilometr respublika əhəmiyyətli, 11 min 643,6 kilometr yerli əhəmiyyətli, 2 min 529,8 kilometr Bakı şəhər yolları olmaqla, ümumilkdə, 20 min 767,1 kilometr uzunluğunda yeni yollar çəkilib, yenidən qurulub və təmir edilib. Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm respublika əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Heç şübhəsiz, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır.

Son 20 ildə ölkə ərazisində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 min kilometrdən çox artaraq 2 min 189 kilometrə çatıb. Şimal – Cənub və Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissəsini təşkil edən magistral avtomobil yollarının birinci texniki səviyyədə yenidən qurulması, yollarda müxtəlif səviyyəli qovşaqların tikintisi hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib. Bunun da nəticəsində 2024-cü il ərzində beynəlxalq marşrutların ölkə ərazisindən keçən hissəsi ilə 7 milyon tondan çox yük daşınıb. Göründüyü kimi, ötən 20 ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla dünya standartlarına tam cavab verən avtomobil yollarının uzunluğu 12 dəfəyədək artıb.

Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004–2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilib, 56-sı təmir edilib, 163 yeraltı və yerüstü piyada keçidi, eləcə də 45 tunel inşa olunub. Həmin qurğular nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması ilə yanaşı, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizdə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. İşğaldan azad edilmiş ərazilərdə dövlət başçısının şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturunun yaradılmasına başlandı. Bu gün işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturu yaradılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, eləcə də dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometr təşkil edir. Ötən illərdə 7 yolun tikintisi başa çatdırılıb. Hazırda inşası davam edən 38 layihənin isə 2025–

2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, agentlik tərəfindən 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.

İşğaldan azad olunmuş ərazilərdə çəkilən avtomobil yollarının üzərində 70,8 kilometrlik 45 tunel, 9 min 581,6 metrlik 447 körpü və 3 min 871 metrlik 16 viaduk inşa edilir. Şanlı Zəfər tariximizin ötən 4 ilində 59,6 kilometrlik 28 tunelin, 8 min 339,1 metrlik 392 körpünün və 1695 metrlik 9 viadukun tikintisi tamamlanıb. Ümumilikdə isə, ötən müddətdə 28,5 kilometrlik Tərtər–Suqovuşan–Talış, 101 kilometrlik Zəfər, 22 kilometrlik Talış–Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası, 44,5 kilometrlik Bərdə –Ağdam, 12,3 kilometrlik Füzuli –Hadrut avtomobil yollarının, həmçinin Hacıqabul–Bəhramtəpə –Mincivan – Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 kilometrlik hissəsinin (61,4 kilometr) tikintisi başa çatdırılıb. Bununla yanaşı, Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ çəkilib.

Hazırda icrası davam etdirilən Əhmədbəyli – Füzuli –Şuşa, Şükürbəyli – Cəbrayıl – Hadrut, Xudafərin – Qubadlı – Laçın, Toğana – Kəlbəcər – İstisu, Kəlbəcər – Laçın, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd, Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd – İranla dövlət sərhədi, Ağdam – Füzuli, Ağdam – Hindarx – Ağcabədi, Qubadlı – Eyvazlı, Qubadlı – Mahmudlu – Yazdüzü – Ermənistan sərhədi, Xudafərin – Qubadlı – Laçın, Hadrut – Tuğ – Azıx avtomobil yollarının, eləcə də Araz çayı üzərində avtomobil körpülərinin tikintisi layihələrinin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq, Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın şəhərlərinin daxili yollarının tikintisi də həyata keçirilir. Bundan əlavə, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, Cəbrayılın Horovlu, Ağdamın Kəngərli, Qubadlının Mahrızlı, Zilanlı, Zəngilanın Cahangirbəyli, Xocalının Malıbəyli və Suqovuşan – Sərsəng su anbarı – Qozlukörpü – Kəlbəcər avtomobil yolunun 24-cü kilometrliyindən ayrılan Umudlu kəndinə gedən magistral, eləcə də 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli– Füzuli – Şuşa avtomobil yolunun tikintisi yekunlaşdırılır. Xatırladaq ki, mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Hazırda layihə üzrə son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərinin, işıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir. Xatırladaq ki, Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistral avtomobil yolundan (M6) götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam–Füzuli avtomobil yolunun inşası da hazırda sürətlə davam edir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Uzunluğu 65,7 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. Hazırda yol boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.

Bərdə – Ağdam avtomobil yolunun davamı olan Ağdam – Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun istifadəyə verilməsi Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

2024-cü ilin noyabrında Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçirilməsi ilə əlaqədar olaraq paytaxtımızın ilk növbədə təmiri tələb olunan 10 kilometr uzunluğa malik 8 Noyabr prospekti də daxil olmaqla 31 ünvanda əsaslı təmiri işləri aparılıb. Bütövlükdə isə, ötən il ölkə ərazisində 382,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. Bununla yanaşı, layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, eləcə də drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir.

Hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır. Artıq yolun 6 kilometrlik hissəsində torpaq yatağının tikintisi, 4 kilometrlik hissəsində isə əsasın alt və üst laylarının tikintisi, eləcə də yeni asfalt-beton örtüyünün döşənməsi və digər işlər tamalanıb. Tikinti işləri “İnşaat norma və qaydaları”na əsasən, texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur. Tərtib olunmuş qrafikə uyğun şəkildə işlərin vaxtında yekunlaşdırılması üçün layihə boyu tikinti prosesinə lazımi sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qeyd edək ki, yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı – Quba –Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı – Şamaxı – Yevlax magistral avtomobil yoluna çıxmaqla ölkəmizin qərb bölgəsi ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı – Novxanı – Xırdalan – M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağı olunur. 1 yol ötürücüsündən və 4 qoldan ibarət qovşaq isə yolun 1,8-ci kilometrlik hissəsində inşa edilir. Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, eləcə də istinad divarlarının tikintisi həyata keçirilir. Xatırladaq ki, yeni yol qovşağı Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etməyə imkan yaradacaq.

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Yeni yol Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Artıq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, eləcə də torpaq sahələrinin ölçüləri hazırlanıb və maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Hazırda yolun Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsinədək olan hissəsində (Keşlə bazarının qarşısı) tikinti işləri aparılır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişi ilə kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və ətraf qəsəbələrdə avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib. Dövlət başçısının tövsiyə və tapşırıqlarının icrasını təmin etmək məqsədilə yol təsərrüfatı işçiləri tərəfindən bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilib. Ötən müddətdə agentlik tərəfindən 107,3 min nəfər əhalinin yaşadığı 71 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 252 kilometr olan 12 kəndlərarası avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.

Göründüyü kimi, ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Bütövlükdə isə, Prezident İlham Əliyevin diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər edərək ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcəklər.

XQ-nin analitik qrupu







İqtisadiyyat