“Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi”

post-img

Azərbaycan Mərkəzi Bankı (AMB) “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilən hədəflərə uyğun təşəbbüslərin həyata keçirilməsini uğurla davam etdirir.

AMB-dan bildirilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernləşdirilməsi” layihəsi çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanan “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.

Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyənləşdirməklə 2024–2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılan layihə və təşəbbüslər portfelini əhatə edir. Sənəd, eyni zamanda, “SupTech”in tətbiqinin potensial töhfələrini də özündə kompleks şəkildə cəmləyir.

“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyənləşdirməyi hədəfləyir. “SupTech” vasitələrinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlığının keyfiyyətini və tənzimləyici tələblərə riayətolunma səviyyəsini yüksəltməyə, nəticədə, maliyyə sisteminin dayanıqlığını gücləndirməyə xidmət edir.

“SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaq. Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyənləşdirilən hədəflərə – data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərini təkmilləşdirməyə və nəzarət informasiya sisteminin tətbiqinə nail olmağa dəstək verəcək.

 

İqtisadiyyat