İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi ölçülüb

post-img

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda İnstitutun 2024-cü ildə yerinə yetirdiyi elmi-tədqiqat işləri üzrə illik hesabat dinlənilib. 

Elmi katib, i.e.d. Leyli Allahverdiyeva hesabat məruzəsi ilə çıxış edib. İnstitutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən görüşlər barədə məlumat verən elmi katib bildirib ki, il ərzində bir sıra mühüm elmi nəticələr əldə edilmişdir. Belə ki, ilk dəfə olaraq, İqtisadiyyat İnstitutunda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülmüş və təhlil olunmuşdur. Professor Nazim Müzəffərlinin rəhbəliyi ilə aparılan tədqiqatlarda ölçmələr iki formatda – birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılmışdır. Bu əsasda iki yeni göstərici – Qiymətlərə birbaşa müdaxilə indeksi və Qiymətlərin tənzimlənməsi indeksi hesablanmışdır. Tətbiq edilmiş metodoloji yanaşmalar orijinaldır. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilmiş, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri araşdırılmışdır. Ölkələrarası müqayisəli araşdırma əsasında Azərbaycanda qiymət tənzimlənməsinin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sifarişi əsasında aparılmış tədqiqatın nəticələri kitab şəklində (“Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil. Azərbaycan üçün nəticələr”) nəşr olunmuşdur. 

Şamaxı rayonu İcra hakimiyyətinin sifarişi ilə Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanması məqsədi ilə tədqiqat aparılmışdır. Bir sıra praktik əhəmiyyətli təkliflərlə yanaşı, Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi  konsepsiyası hazırlanmış, Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədəuyğunluğu əsaslandırılmış və onun təşkilati strukturu işlənilmişdir. Elm və Təhsil Nazirliyinin  sifarişi ilə “Elmin maliyyələşməsi mexanizminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması” layihəsi icra olunmuşdur.  

L.Allahverdiyeva məlumat verib ki, İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Çinli alimlərin iştirakı ilə elmi sessiya, Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” respublika elmi konfransı, "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində sahibkarların iştirakı ilə biznes forum keçirilib. 

Elmi katib qeyd edib ki, il ərzində İnstitutun əməkdaşları tərəfindən 4 monoqrafiya, 2 dərs vəsaiti, 4 proqram və metodik vəsait­lər, 170 məqalə, o cümlədən xaricdə 70 məqalə (impakt faktorlu jurnallarda 29) nəşr olunub. Müxtəlif aktual elmi mövzuların müzakirəsinə həsr olunmuş 8 elmi seminar təşkil edilib. İnstitutun əməkdaşları müxtəlif universitetlərdə təşkil olunmuş seminarlarda iştirak etmiş və mühazirələr oxumuşdur. İl ərzində əməkdaşlar yerli və xarici KİV-də 40-dan çox məqalə və müsahibələrlə çıxış ediblər. 

İnstitutun 66 doktorant və dissertantı var. Dissertasiya Şurasında 13 dissertasiya işi (2 elmlər və 11 fəlsəfə doktorluğu üzrə) müdafiə olunmuşdur. 

İl ərzində economics.org.az saytında İnstitutun fəaliyyəti ilə bağlı 200-ə yaxın orijinal xəbər yerləşdirilmişdir. 2024-cü ildə tam yenilənmiş dizaynla fəaliyyətə başlayan İnstitutun “economics.org.az” İnternet saytına daxilolma və baxış sayı 1,2 milyona çatmışdır. YouTube kanalında, çoxu alimlərimizin TV-kanallardakı müsahibələri və ekspert qismində çıxışları olmaqla, 173 (2024-cü ildə – 10) video-material yerləşdirilib. İl ərzində kitabxanamızın fonduna 168 nüsxə ədəbiyyat daxil olub.

Elmi Şurada elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədi ilə Zəfər Bayramına həsr olunmuş, 2024-cü ildə İnstitutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsinin nəticələri elan olunub. Baş direktor, prof. Nazim Müzəffərli qaliblərin adlarını açıqlayıb və onlara müvafiq diplomları təqdim edib. Beləliklə, elmi şöbələr arasında müsabiqənin qalibi İnklüziv sosial inkişaf şöbəsi olub (şöbə müdiri, i.e.d. Rəsmiyyə Abdullayeva). Əməkdaşlar arasında müsabiqədə i.f.d. Gülnarə Fətəliyeva və elmi işçi Mələk Əliyeva 1-ci, dosent Mahir Zeynalov, dos. Nəsimi Əhmədov və i.f.d. İntizar Qurbanova 2-ci, dos. Kamran Abdullayev, i.f.d. Ülkər Məmmədova, i.f.d. Akifə Ağayarova və kiçik elmi işçi Aynur Nəbizadə 3-cü yerləri tutublar. Qaliblərə pul mükafatları verilib.

 







İqtisadiyyat