Sitrus bağlarına da sığorta ödənib

post-img

Azərbaycanda sitrus meyvələri istehsalı üzrə iri sığorta ödənişi həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən XQ-yə verilən məlumata görə, Aqrar Sığorta Fondu tərəfindən Lənkəranda aqrar sahədə fəaliyyət göstərən “Mriya” MMC-yə limon, naringi və portağal bağına dəyən zərər görə 27 min manat ödəniş edilib.

Bildirilib ki, donvurma nəticəsində sözügedən təsərrüfatın sitrus bağlarına ciddi ziyan dəyib. Nəticədə, təsərrüfat zərərlə üzləşib. Bununla belə, meyvə bağları sığortalı olduğu üçün Aqrar Sığorta Fondu dəymiş zərəri kompensasiya edib.

Ümumilikdə isə, 2023-2024-cü illər ərzində Lənkəran – Astara regionunda bitkiçilik sığortası üzrə 238 min manat sığorta ödənişi edilib. Ötən il bölgə fermerlərinə 61,5 min manat ödəniş edildiyi halda, cari ildə bu rəqəm 3 dəfəyə yaxın artaraq 176 min manatdan çox olub.

Yeri gəlmişkən, bu ildən ölkəmizdə aqrar sığortanın əhatə etdiyi məhsulların siyahısı genişlənib. Bu baxımdan ötən il Lənkəran – Astara regionunda arpa, buğda və ərik məhsulu üzrə ödənişlər edildiyi halda, 2024-cü ildə arpa, buğda, çəltik, badam, ərik, kartof, noxud, limon, naringi və portağal məhsulları üzrə də ödənişlər edilib. Bununla yanaşı, bölgə üzrə sığorta hadisələrinin əhatə etdiyi risklər də genişlənib. Belə ki, Lənkəran – Astara regionunda ödənişlər əsasən, dolu, fırtına, qasırğa, normadan artıq qar yağması, sel-subasma, şaxtavurma, 3-cü şəxslərin hərəkəti və vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərlər üzrə edilib.

Lənkəran – Astara regionunda heyvandarlıq üzrə də aqrar sığorta ödənişi həyata keçirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, son 2 ildə bölgədə heyvandarlıq üzrə 11 min 720 manat ödəniş edilib. Həmin vəsait isə Lənkəran və Astara rayonlarının heyvandarlarına verilib.

İqtisadiyyat