Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat (hesabat dövrü ilə müqayisədə 5 faiz çox) təşkil edib.
Məlumata görə, bu göstəricinin 80 faizini pərakəndə ticarət, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi, 16,9 faizini isə əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri təşkil edib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olub ki, onun da 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 600 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34 manat çox vəsait xərcləyib.