“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda “Ro-Pax” tipli sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan bərə-gəminin inşası sürətlə davam etdirilir.
Artıq gəminin baş mühərriklərinin quraşdırılması prosesi başa çadırılıb. Ümumilikdə isə, bu nəhəng su nəqliyyatının gövdə hissəsi üzrə işlərin 80 faizi tamamlanıb. Hazırda gəmi üzrə boru, elektrik, havalandırma və digər sahələrlə bağlı işlər layihə planına uyğun davam etdirilir.
Xatırladaq ki, bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilən sayca üçüncü “Ro-Pax” tipli gəmidir. Bundan öncə inşa edilərək təhvil verilən eyni tipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırda Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur.