Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvə-tərəvəz göndərilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2,1 faiz və ya 13,2 milyon dollar, həcmi isə 4,9 faiz və ya 31,7 min ton azalıb. Xatırladaq ki, 2023-cü ilin 11 ayında ölkəmizdən xarici bazarlara 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edilib.
Yanvar-noyabr aylarında Azərbaycandan xaricə ixrac olunan meyvə tərəvəz məhsullarının sırasında pomidor birinci olub. Hesabat dövründə xarici ticarət tərəfdaşlarımıza 155,4 milyon dollar dəyərində 129,8 min ton bu növ məhsul göndərilib. Sonrakı yerlərdə 115,9 milyon dollar dəyərində 18,3 min ton meşə fındığı, 86,5 milyon dollarlıq 120,3 min ton xurma, 53,2 milyon dollarlıq 66,9 min ton alma, 25,8 milyon dollarlıq 29,4 min ton nar və 20,5 milyon dollarlıq 48,2 min ton kartof qərarlaşıb.
Xatırladaq ki, cari ilin 11 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,58 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,32 faiz təşkil edib.