İlin ən fəal sahibkarları

post-img

“Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə mərasim keçirilib. Tədbirdə 2024-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə qazanılan uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat verilib. Eyni zamanda, kiçik və orta biznes (KOB) nümayəndələrinin dayanıqlı və davamlı iqtisadi inkişafda, “yaşıl” keçiddə rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirləri dinlənilib.

Mərasimdə KOB-ların təhsil, elm-tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA-nın elan etdiyi 6-cı qrant müsabiqəsinin 20 qalibinə qrant mükafatları təqdim olunub. Qeyd edək ki, KOB-ların sadalanan istiqamətlər üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək keçirilən 6 qrant müsabiqəsi çərçivəsində 99 layihəyə 1,7 milyon manat həcmində qrant vəsaiti ayrılıb.

Xatırladaq ki, 2022-ci ildə təsis olunan “Dayaq” mükafatının sahibkarlara verilməsi biznesdə innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsalını gerçəkləşdirən, fəal investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun reallaşdırılmasına öz töhfəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də iş adamlarının qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır. Rəmzi məna ifadə edən bu mükafat həm də dövlətin daim sahibkarların yanında olduğunu göstərir.

 

İqtisadiyyat