İnanırıq ki, beynəlxalq təcrübə və resursların dəstəyi ilə biz davamlı və yaşıl iqtisadiyyatlara keçidi təmin edə bilərik. Kənd təsərrüfatı ÜDM-ə əhəmiyyətli dərəcədə töhfə verən və əhalinin böyük hissəsini məşğulluqla təmin edən iqtisadiyyatların təməl daşı olaraq qalır. Türk Dövlətləri Təşkilatının ümumi ÜDM-i təxminən 1,9 trilyon təşkil edir ki, bu da regionumuzun geniş iqtisadi potensialını göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Sədi Cəfərov COP29-da keçirilən "Qlobal məqsədlərdən yerli fəaliyyətə: dayanıqlı aqrar-ərzaq sistemlərini gücləndirmək üçün regional təşəbbüslər" mövzusunda tədbirdə deyib.
TDT-nin kənd təsərrüfatı sahəsində gördüyü işlər barədə məlumat verən S.Cəfərov bildirib ki, qurumun “Türk Dünyasına Baxış 2040” və “2022-2026-cı illər üçün TDT Strategiyası” bu baxımdan mühüm sənədlərdir. "Bu yaxınlarda keçirdiyimiz görüşlər, o cümlədən nazirlər toplantıları və aqrobiznes forumları zamanı mühüm irəliləyişlər əldə etdik. Biz TDT Kənd Təsərrüfatı Əməkdaşlıq Platforması çərçivəsində tədqiqat və inkişaf, iqtisadi məsələlər, kənd təsərrüfatı texnikası, toxumçuluq məsələləri və heyvandarlıq sahələrinə diqqət yetirən 5 alt işçi qrup yaratmışıq. Bu qruplar siyasətləri koordinasiya etmək və kənd təsərrüfatı potensialımızı səmərəli şəkildə idarə etmək üçün vacibdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir üzv dövlət üçün əsas prioritetdir. Ona görə də biz hazırda ərzaq təhlükəsizliyi ilə bağlı çoxtərəfli saziş üzərində işləyirik", - deyə Sədi Cəfərov vurğulayıb.