“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev qəzetimizə müsahibəsində bu il ölkədə sığorta haqlarının 1,4 milyard manat (ötən illə müqayisədə 10 faiz çox) olacağının proqnozlaşdırıldığını bildirib.
E.Mirsalayev xatırladıb ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sığorta sektoru üçün böyümə hədəfi 10 faiz müəyyən edilib: “Sektor artıq 2-ci ildir ki, bu hədəf minimumunu üstələyir. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 faiz, 2023-cü ildə isə 26 faiz olub”.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat (2022-ci ilə nisbətən 25,9 faiz çox) sığorta haqqı toplanılıb.