Bu ilin yanvar–sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 112 yeni dövlət standartı qəbul edib (bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur).
Dövlət Xidmətinin bu barədə məlumatında bildirilib ki, yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsinə müsbər təsir göstərib.
Qeyd edək ki, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorlarında standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil olunmasına, iqtisadi fəaliyyətlərdə innovativ texnologiyalara üstünlük verilməsinə, insanların həyat və sağlamlığının mühafizəsinə, məhsul, eləcə də xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradıb.