9 ayda qızıl hasilatı 27 faiz çoxalıb

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin 9 ayında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib. Qurumdan verilən məlumata görə, hesabat dövründə “AzerGold” 48,7 min unsiya həcmində qızıl hasilatı həyata keçirib. Bununla ötən ilin ilk 9 ayı ilə müqayisədə qızıl hasilatında 27 faiz artım qeydə alınıb. Cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3 faiz artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69,2 min unsiya təşkil edib.

Məlumatda qeyd edilir ki, cari ilin 9 ayı ərzində 40,2 min unsiya qızılın, 54,7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz daha çox olmaqla 166,9 milyon manat vəsait cəlb edilib.

Ümumilikdə, “AzerGold” 456,5 min unsiya qızılın, 907,4 min unsiya gümüşün yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir 1 milyard 355 milyon 471 min manat təşkil edir. Vəsaitin 1 milyard 290 milyon 315 min manatını ixrac gəlirləri, 65 milyon 156 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.

Qeyd edək ki, “AzerGold” cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırıb. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə hasilatda 10 faiz, satışda isə 3 faiz daha artıq hədəfdir.

İqtisadiyyat