Kənddə sığortanın əhatə dairəsi genişlənir

post-img

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib. Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədi daşıyır. Aqrar Sığorta Fondu tərəfindən sığorta şərtlərində edilən növbəti dəyişikliklər isə çiyələk, şəkər çuğunduru və tütün kimi mühüm bitkiçilik növlərini əhatə edir.

Fondun İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri”ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı mövcud 40 tondan 70 tona qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərin məhsulu bütünlüklə sığortalamağa imkan verəcək. Bu da çiyələk sahələrinin genişləndirilməsinə, fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olacaq.

Yeri gəlmişkən, son illər Azərbaycandan xaricə ixrac edilən bitkiçilik məhsullarının siyahısında çiyələyin payı xeyli arıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkə fermerləri tərəfindən xarici ölkələrə 25 milyon 212 min ABŞ dolları dəyərində 19 min 749 ton çiyələk ixrac edilib. Bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 121 min dollar və ya 5 faiz, miqdar baxımından isə 2 min 149 ton və ya 12 faiz çoxdur.

Aqrar Sığorta Fondunun qərarı əsasında edilmiş digər dəyişiklik şəkər çuğunduru ilə bağlı olub. Belə ki, dəyişikliyə əsasən, sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 manat müəyyən edilib. Şəkər çuğunduru ilə bağlı sığorta şərtlərinin yumşaldılması isə, heç şübhəsiz, əkin sahələrinin genişləndirilməsinə, məhsul istehsalının artırılmasına səbəb olacaq.

Əslində, ölkədə sözügedən bitkiçilk məhsulunun becərilməsi üçün potensial olduqca yüksəkdir. Son statistik göstəricilər də bu imkanlardan yetərincə istifadə olunduğunu təsdiqləyir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ilin məhsulu üçün mövsumun əvvəlindən 6 min 798 hektar sahədə şəkər çuğunduru əkilib. Sentyabrın 1-dək yığım həyata keçirilmiş 740,5 hektar sahədən 24 min 469,5 ton şəkər çuğunduru yığılıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 15 min 474,5 ton çox və ya 172 faiz artım deməkdir.

Şəkər çuğunduru istehsalının artırılması isə daxili bazarın tələblərini qarşılamaq, eləcə də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Ekspertlər deyirlər ki, gələcəkdə şəkər çuğunduru istehsalını daha da artırmaq üçün fermerlərin maarifləndirilməsi və müasir əkinçilik üsullarının tətbiqi vacibdir. Bununla yanaşı, dövlət dəstəyi, xüsusən də təbiət hadisələri zamanı dəymiş ziyana görə təyin edilmiş yeni sığorta ödənişləri fermerlərdə şəkər çuğundurunun becərilməsinə marağı daha da artıracaq.

Yaxın illərdə ölkə fermerlərinin tütün bitkisinin becərilməsinə də marağın artmasının şahidi ola biləcəyik. Bu da Aqrar Sığorta Fondunun İdarə Heyəti tərəfindən sözügedən bitkinin sığortasında edilmiş dəyişikliklə bağlıdır. Xatırladaq ki, “Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”nə edilmiş yeniliyə əsasən, sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən edilib. Bundan əlavə, dəyişilik nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyən edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ölkə üzrə 2 min 649 hektar sahədə tütün əkilib. Yanvar-avqust aylarında həmin sahələrdən 3 min 276,6 ton tütün yarpağı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1184,2 ton çoxdur. Heç şübhəsiz, Aqrar Sığorta Fondunun yeni qərarı ölkədə tütünçülüyün inkişafına təkan verəcək.

Yaxın gələcəkdə aqrar sığorta mexanizmində edilən dəyişkiliklərin digər kənd təsərrüfatı məhsullarına da şamil olunacağı gözlənilir. Bu məqsədlə Aqrar Sığorta Fondunun əməkdaşları tərəfindən fasiləsiz olaraq monitorinqlər, araşdırmalar aparılır, fermerlərdən daxil olan müraciətlər təhlil edilir və sığorta məhsullarının şərtləri daim təkmilləşdirilir. Yeri gəlmişkən, bir qədər əvvəl Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortası tarifləri aşağı salınıb.

Xatırladaq ki, 2019-cu ildə təsis edilən və 2020-ci ildə fəaliyyətə başlayan Aqrar Sığorta Fondu vasitəsilə hazırda 48 bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilirlər.

 

İqtisadiyyat