Boru kəməri ilə nəql olunmuş 576 milyon ton neft 5 min 707 tankerlə dünya bazarına çıxarılıb
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına ixracı idi. “Əsrin müqaviləsi”nin “İlkin neft layihəsi” çərçivəsində Bakı–Novorossiysk və Bakı–Supsa boru kəmərlərinin istifadəyə verilməsi ilə müstəqil Azərbaycan Respublikası ilk dəfə olaraq öz karbohidrogen ehtiyatlarını sərbəst şəkildə beynəlxalq bazarlara çıxarmaq imkanı əldə etdi.
Xam neftin dünya bazarlarına ixracının bir istiqamətdən asılılığının qarşısını almaq üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılması isə Ulu öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Gələcəkdə “Azəri” yatağının, eləcə də “Günəşli”yatağının dərinliklərdə yerləşən hissəsinin istismara verilməsi ilə artan neft həcmlərinin dünya bazarlarına çıxarılması üçün Azərbaycanın daha geniş imkanlara malik əsas ixrac boru kəmərinə ehtiyacı var idi. Xam neftin əsas ixrac marşrutunu da məhz Heydər Əliyev müəyyənləşdirdi. Təsadüfi deyil ki, Ulu öndər 1999-cu il sentyabrın 20-də o zamankı Respublika sarayında “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə demişdir: “Mən bu gün bəyan edirəm ki, Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün çox böyük əhəmiyyət daşıyan Bakı–Ceyhan neft kəməri tikilməlidir, istifadəyə verilməlidir”.
Heydər Əliyevin qətiyyəti və prinsipial mövqeyi sayəsində dövlətimizin, xalqımızın maraqlarının qorunması ilə davam edən uzunmüddətli danışıqlar prosesi nəticəsində ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsi öz təsdiqini tapıb. Yeri gəlmişkən, Bakı–Tbilisi–Ceyhan xəttinin əsas ixrac boru kəməri kimi çəkiləcəyi ilk dəfə 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə dəqiqləşdirilib. Bu, həm də sözügedən kəmərin reallaşmasına dair son siyasi qərarın verilməsi demək idi.
Həmin il oktyabrın 29-da isə Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ABŞ-nin energetika naziri tərəfindən Bakı–Tbilisi–Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsi ideyasını müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə sözügedən layihəyə dair ilkin razılaşma əldə edilib. Sonrakı dövrlərdə Heydər Əliyevin siyasi iradəsi nəticəsində həmin layihəni maraqlı tərəflərlə uzlaşdırıb razılaşdırmaq, beynəlxalq güc mərkəzlərinin dəstəyini qazanmaq, nəhayət, onu imzalamaq mümkün olub.
Nəhayət, ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulun “Çırağan” sarayında “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş” imzalanıb. Bununla da, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı–Tbilisi–Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılıb.
2002-ci il avqustun 1-də Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisini və istismarını həyata keçirmək üçün Kayman adalarında “BTC Co.” şirkəti təsis edilib. Sentyabr ayının 18-də isə Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Dövlət başçıları burada xəndəyə endirilən ilk borunun üstünə torpaq atıblar. İçərisində “Gələcək nəsillərə” müraciətinin mətni olan dəmir kapsul Bakı–Tbilisi–Ceyhan boru kəmərinin başlanğıcından qazılmış quyuya basdırılıb. Müraciətin sonunda qeyd edilirdi: “Əminik ki, Bakı–Tbilisi–Ceyhan boru kəməri layihəsinin gerçəkləşməsi ülvi amallara xidmət edərək regionun simasını dəyişdirəcək, siyasi iqlim sabitləşəcək, iqtisadi inkişafa ciddi təkan verəcək, xalqlarımızın rifahı yüksələcəkdir”.
BTC layihəsi ilə bağlı fiziki tikinti işlərinə isə tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin aprel ayında başlanılıb. Ulu öndərin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi üçün misilsiz xidmətlər göstərən Prezident İlham Əliyevin gərgin əməyi sayəsində 2005-ci ilin yazında tikintisi başa çatdırılmış BTC xam neftin nəqli üçün hazır vəziyyətə gətirilib. Həmin il mayın 25-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin BTC-yə vurulmasına start verilib. Terminalda quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. 2006-cı il iyunun 4-də Ceyhan limanından 600 min barel həcmində Azərbaycan nefti ilə doldurulmuş ilk tanker (“British Hawthorn”) yola salınıb. İyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən sayılan BTC-nin təntənəli açılış mərasimi keçirilib.
Qeyd edək ki, BTC kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək 1768 kilometr məsafə qət edir. Onun 443 kilometri Azərbaycan, 249 kilometr Gürcüstan, 1076 kilometri isə Türkiyədən keçir. Kəmərin tikintisinə, ümumilikdə, 110 milyon adam – iş saatı sərf olunub. Tikintinin ən intensiv dövründə, təqribən, 22 min adam işə cəlb olunub ki, onların da 80 faizə qədərini Azərbaycan vətəndaşları təşkil edib. İnşaat işlərinə 4 milyard ABŞ dolları xərclənib. 500 yaşayış məntəqəsinin ərazisindən keçən boru kəməri bütün marşrut boyunca torpağa basdırılıb. BTC-nin obyektlərinə 8 nasos stansiyası (Azərbaycanda 2, Gürcüstanda 2, Türkiyədə 4), 1 təzyiqazaltma və 2 aralıq ərsinburaxma stansiyası və 101 kiçik siyirtmə məntəqəsi daxildir.
Bu nəhəng infrastrukur layihəsinin tikintisi üzrə əsas podratçılar isə Azərbaycan ərazisində CCIC və Gürcüstanda “Spi Petrofak” şirkətləri, Türkiyə hissəsinin tikintisi üzrə əvvəlcədən təsbit edilmiş qiymətə “açar” təhvili müqaviləsi əsasında isə bu ölkənin BOTAŞ şirkəti olub.
Gündəlik ötürmə gücü 1,2 milyon barel təşkil edən BTC ilə ən yüksək nəql göstəricisi isə 2010-cu ildə qeydə alınıb. Belə ki, həmin il iyulun 21-də kəmərlə 1 milyon 57 min barel xam neft nəql edilib. BTC ilə ən yüksək illik nəqletmə də məhz 2010-cu ildə qeydə alınıb: 286 milyon 214 min barel.
2023-cü ildə konsorsium iştirakçıları layihə ilə bağlı mühüm bir nailiyyəti qeyd ediblər. Belə ki, yanvarın 18-də BTC ilə neft ixracı 4 milyard barel həddinə çatıb. Bütövlükdə isə, istismara verildiyi gündən 2024-cü ilin birinci yarısının sonunadək boru kəməri vasitəsilə 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib. Xam neft Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kondensat, eləcə də SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri də nəql olunur.