SOCAR Türkiyə və Sabancı Universitetinin əməkdaşlığı ilə həyata keçirilən üçüncü “SOCAR Energy School” sertifikat proqramı başlayır.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumatda Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə” ilə Sabancı Universitetinin İcraçı İnkişaf Birimi (EDU) tərəfindən ilk dəfə 2022-ci ildə təşkil edilən “SOCAR Energy School” sertifikat proqramının üçüncü dövrü üçün müraciətlər başlayıb.
Sertifikat proqramında qlobal və regional enerji məsələləri, Türkiyə və Azərbaycanın enerji strategiyaları, enerjidə yeni tendensiyalar müzakirə olunacaq, noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mövzuları dəyərləndiriləcək.
Proqramın məqsədi enerji sahəsində ixtisaslaşmaq istəyən dövlət və özəl sektor menecerlərini, alimləri, media üzvlərini, beynəlxalq siyasətçiləri və enerji ekspertlərini bir araya gətirməkdir. Enerjinin bütün sahələrində hərtərəfli və geniş perspektivə sahib olmaq, qlobal və regional enerji məsələlərini çoxyönlü rakursdan qiymətləndirmək imkanı təqdim edən sertifikat proqramında ekspert təlimçilər və dünyaca məşhur məruzəçilər müxtəlif sahələrdə öz bilik və təcrübələrini bölüşəcəklər.
Hər il olduğu kimi, üçüncü dəfə də ödənişsiz keçiriləcək sertifikat proqramına bu il 65 iştirakçı qəbul ediləcək. Proqram üçün müraciətlər 12 oktyabr şənbə gününə qədər davam edəcək. Müraciətlərin qiymətləndirilməsi və iştirakçıların müəyyənləşdirilməsindən sonra təlim noyabrın 30-dan fevralın 10-dək davam edəcək. Sertifikat proqramını uğurla başa vuran iştirakçılar enerji sahəsində apardıqları araşdırmalarla SOCAR Enerji Məktəbinin Tədqiqatlara Dəstək Proqramına müraciət edə biləcəklər.
Sosial tədbirlər və xüsusi layihələrlə zənginləşdiriləcək proqram eyni zamanda iştirakçılara ünsiyyətlərini davam etdirmək və müxtəlif platformalara kommunikasiyanı ötürmək imkanı verəcək.
Qeyd edək ki, 2022-ci ildən indiyədək 1400-dən çox insanın müraciət etdiyi “SOCAR Energy School” sertifikat proqramına 130 iştirakçı qəbul edilib.