Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib. Qurumun bununla bağlı yaydığı məlumata görə, “Günəşli" yatağında mürəkkəb “341a” saylı quyu yan lülə qazmasından sonra gündəlik 32 ton hasilatla işə düşüb.
Bildirilib ki, quyuda baş verən mürəkkəbləşmələrə baxmayaraq, neft şirkəti əməkdaşlarının birgə səyləri nəticəsində uğurlu nəticə əldə edilib. Xatırladaq ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 kilometr şərqdə, “Neft Daşları” yatağından 12 kilometr cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 kilometr, eni 4 kilometrdir. “Günəşli”də, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard kubmetrdən çox qaz hasil olunub.
Qeyd edək ki, yataqda maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Hasilatı “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-Qazçıxarma İdarəsi aparır.