“Azərbaycan Dəmir Yolları” QSC və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.
ADY-dən redaksiyamıza daxil olan məlumata əsasən, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının dəfələrlə artırılmasında həlledici rol oynayacaq.
Birgə müəssisənin yaradılması 2007-ci il fevralın 7-də BTQ dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Kartsaxi (Türkiyə Respublikası sərhədinə qədər) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip, habelə şərtləri haqqında Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan sazişə əsasən həyata keçirilib.
Sənəddə sözügedən sahənin inşası başa çatdıqdan və istismara verildikdən sonra, sahənin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ADY-nin törəmə cəmiyyəti ilə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə cəmiyyəti tərəfindən bərabər payla (yəni nizamnamə kapitalındakı paylar təsisçilər arasında bərabər bölünəcək) Gürcüstanın qanunvericiliyinə uyğun təsis ediləcək hüquqi şəxsə – birgə müəssisəyə verilir. Birgə müəssisə Marabda-Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılan kredit borcunun tam olaraq geri ödənilməsini də həyata keçirəcək.
Qeyd edək ki, ADY 2023-cü ildə BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinə başlayıb və bu ilin yazında 5 mərhələ üzrə reallaşdırılan işləri uğurla başa çatdırıb. Mayın 20-də isə BTQ dəmir yolu xətti üzrə yükdaşımalara təkrar start verilib.
Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ dəmir yolu xəttini dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir. Genişləndirmədən sonra adıçəkilən dəmir yolunun illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.
BTQ dəmir yolunun həyata vəsiqə qazanması qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Belə ki, Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut hesab olunan bu dəmir yolunun yaratdığı əlverişli şərait yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox azaltmağa imkan verib.
Sözügedən dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, o cümlədən Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Ümumiyyətlə, BTQ Orta Dəhliz üzərində yerləşən ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə iki, eləcə də çoxtərəfli əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə, sabitliyin təmin olunmasına və dayanıqlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə önəmli töhfələr verməkdədir.
Son dövrdə ADY tərəfindən BTQ-nın genişləndirilməsi istiqamətində görülmüş kompleks işləri bu marşrutla daşımaların sürətini artırmağa, daşınan yüklərin təhlükəsizliyini təmin etməyə, çevik tarif siyasəti yürütməyə, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla daha çox tranzit yükün ölkə ərazisindən keçirilməsinə nail olmağa hesablanıb.
Qeyd edək ki, cari ilin əvvəlindən Orta Dəhliz ilə Çindən konteyner daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb. “Qazaxıstan Temir Yolu” Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidməti xəbər verir ki, Çini Avropa və Türkiyə ilə birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafı üçün daşımaların həcminin artırılması, xidmətin və yüklərin çatdırılma sürətinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu günə kimi Altınkol stansiyasından Abşerona (Bakı) çatdırılma müddətləri 9 günə, Poti-Batumiyə (Gürcüstan) 12 günə, Poti-Batumi vasitəsilə Konstansaya (Rumıniya) 20-22 günə endirilib.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.