Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 3,8 faiz, 2025-ci ildə 2,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyənləşdirib.
Şirkət açıqlamasında 2024-cü ilin üçüncü rübündə ÜDM artımını 3,5 faiz, dördüncü rübdə isə 3 faiz proqnozlaşdırıb. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozunun 1,7 faiz, ikinci rübdə 2,5 faiz, üçüncü rübdə 2,7 faiz, dördüncü rübdə isə 3 faiz səviyyəsində nəzərdə tutulduğu vurğulanıb.
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–iyun aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Azərbaycan hökuməti tərəfindən ÜDM-in artımınının 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırılıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək. Dünya Bankının qiymətləndirmələrində isə respublikamızda ÜDM istehsalının bu il 2,3 faiz, 2025-2026-cı illərdə 2,4 faiz artacağı gözlənilir.