Buxarada Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

post-img

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyətinin  Özbəkistana işgüzar səfəri çərçivəsində Buxara şəhərində bir sıra görüşlər keçirilib.  

Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşündə bildirilib ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev ölkələr arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi məsələlərinə xüsusi əhəmiyyət verir ki, bu da hər iki ölkənin və regionun iqtisadi tərəfdən inkişafına şərait yaradır. 

Danışıqlar zamanı ölkələr arasında müxtəlif iqtisadi istiqamətlər üzrə yeni imkanlar nəzərdən keçirilib, birgə təşəbbüslərin mühüm rol oynadığı vurğulanıb. Tərəflər sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. 

Sonra Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib. 

Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov bildiriblər ki, Komissiya birgə layihələrin həyata keçirilməsi və işgüzar əlaqələrin inkişafında  səmərəli platformadır. 

Komissiyanın iclasında bildirilib ki, ölkələr arasında ikitərəfli ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətini təşkil edir. Vurğulanıb ki, ötən il ölkələr arasında mal dövriyyəsi 180 milyon dollara yaxın olub. Bu ilin beş ayı ərzində isə bu rəqəm 70 milyon dollara yaxındır. 

Qeyd olunub ki, Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində 90 özbək şirkəti qeydiyyatdan keçib. Birgə əməkdaşlıq çərçivəsində Hacıqabul sənaye parkında minik avtomobilləri istehsal edilir. Bu il iyulun 1-dək 5 300-dən artıq Chevrolet markalı avtomobil istehsal olunub. Bu layihə çərçivəsində pikap, yük maşınları və avtobusların istehsalı da həyata keçirilir. 

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq edir. İki ölkənin neft şirkətləri SOCAR и Özbəkneftgaz Azərbaycanda və Özbəkistanda neft yataqlarının istismarında, neftqaz sahəsində yeni llayihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərirlər. 

Görüşdə vurğulanıb ki, gələcəkdə Mərkəzi Asiya dövlətlərindən Avropaya elektrik enerjisinin Azərbaycan ərazisindən ixrac olunması imkanları müzakirə olunur. Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlıq haqqında 2024-cü ilin may ayında imzalanan Memorandum  bu sahədə səmərəli və qarşılıqlı əməkdaşlığın təməlini qoyub. Səhiyyə, turizm, təhsil, mədəniyyət və başqa sahələrdə uğurlu fəaliyyət davam edir. 

İclasın sonunda yekun sənədi imzalanıb. Sənəddə ticarət-iqtisadi, energetika, nəqliyyat-tranzit, kənd təsərrüfatı, innovasiya, və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi öz əksini tapıb. 

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında da iştirak edib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Buxara 









İqtisadiyyat