Ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə xidmət edən layihələr də məhz həmin məqsədi daşıyır.
Hazırda respublikamızın buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Qarşıdakı illərdə 80-100 min hektar arasında torpağın əkin dövriyyəsinə cəlbi planlaşdırılır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) bu barədəki məlumatında hazırda ölkədə 4 aylıq istehlakı qarşılayacaq ərzaqlıq buğda ehtiyatıının mövcudluğu bildirilir və bunun yüksək göstərici olduğu vurğulanır.
Məlumatda qeyd edilib ki, ADEA ölkənin strateji əhəmiyyətli istehlak malları üzrə təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişikliyinin qarşısının alınması üçün tədbirlər görür.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ