“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

post-img

Çinin ən böyük avtomobil istehsalçısı olan “BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib.

AZƏRTAC xəbər verir ki, iyulun 4-də “Gasgoo” nəşrinin saytında dərc olunmuş məqalədə qeyd olunur ki, elektrobusların dövlət satın alınması üzrə tenderdə qalib gələn “BYD” şirkəti elektrik avtobuslarını bir neçə partiya ilə çatdırmağı planlaşdırır.

Nəşrin bildirdiyinə görə, ilk tədarüklər artıq bu ay həyata keçiriləcək.

Bundan əlavə, 2025-ci ildən 2028-ci ilə qədər Azərbaycanın “BYD”dən hər il 200 elektrobus alınması barədə razılıq əldə olunub ki, bunlar “yerlərdə yığılacaq”, - deyə nəşr yazır. Gələcəkdə tərəflər Azərbaycanda elektrobusların istehsalının yaradılması məqsədilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

“Gasgoo” xatırladır ki, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Məqalədə vurğulanır ki, elektrik avtobuslarından istifadə Azərbaycanın yaşıllaşdırma və karbon qazı emissiyalarının azaldılması təşəbbüslərini həyata keçirməyə kömək edəcək.

Bu gün təxminən 80 min “BYD” elektrik avtobusu 70 ölkənin 400-dən çox şəhərində ictimai nəqliyyatın bir hissəsidir. Nəşr qeyd edir ki, şirkətin ən qabaqcıl texnologiyalarından istifadə etməklə yaradılmış “BYD K9UD” elektrik avtobusu etibarlılığı, yüksək səviyyədə təhlükəsizliyi və sərnişinlər üçün rahatlığı təmin edir.

“BYD Co Ltd” (Build Your Dreams) - “BYD Auto” avtomobil istehsalçısı və “BYD Electronic” akkumulyator və elektronika istehsalçısını özündə ehtiva edən, qərargahı Çinin Şençjen şəhərində yerləşən konqlomeratdır.



İqtisadiyyat